ADA Universiteti Quba filialında təlim keçirmişdir

29.10.2024
ADA Universiteti Quba filialında təlim keçirmişdir

25 oktyabrda ADPU-nun Quba filialında ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşları Mahnur Abbasova və Elşad Göyüşov, baş müəllim Ruslan Müslümov magistraturaya qəbul imkanları ilə bağlı təlim keçirmişdir.

Qonaqları salamlayan filialın direktoru dosent Yusif Alıyev Azərbaycanın gündəmində baş verən hadisələrə, regionun yeni reallıqlarına, dövlətimizin qazandığı tarixi uğurlara diqqət çəkərək, bütün qeyd olunan nüansların universitetlərarası əməkdaşlığa yol açdığını, yerli və beynəlxalq universitetlərin təhlilində artıq yeni dövr üçün aktual ixtisasların açılmasının zəruriliyini, mövcud inkişafın tələbə
auditoriyasına çatdırılmasının və bu istiqamətdə görüləcək işləri vurğulayıb.

Direktor həm də ADA Universiteti və ADPU-nun Quba filialı arasında əməkdaşlıq mühitinin əhəmiyyətindən, ikitərəfli təcrübə mübadilələrindən bəhs edərək tədbir iştirakçılarına bu əməkdaşlığın əhəmiyyətini açıqlayıb. Bu istiqamətdə keçirilən görüş və təlimlərə görə ADA Universitetinin təsisçisi və rektoru hörmətli Hafiz Paşayeva və əməyi keçən hər kəsə öz təşəkkürünü ifadə edib.
Dos. Yusif Alıyev eyni zamanda iki ali təhsil ocağı arasında onlayn görüşlərin və onlayn dərslərə qoşulmanın da effektivliyini qeyd edib.

Təqdimat zamanı ADA Universitetinin əməkdaşları tərəfindən bildirilib ki, ikiillik magistr proqramlarında tədris yerli və xarici müəllimlər tərəfindən ingilis dilində aparılır. Dərslər axşam saatları və həftəsonu keçirildiyindən işləyən namizədlər üçün də ali təhsillərini davam etdirmək imkanı yaradır.

ADA Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanında iştirak etməli və ingilis dili bilikləri üzrə müvafiq sertifikat (“IELTS” və ya “TOEFL” və ya “Duolingo”) təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən namizədlər individual müsahibəyə dəvət olunurlar.
Proqramlar barədə ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin veb-səhifəsinə daxil ola (ada.edu.az), əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər.
Təlimin sonunda Quba filialı ilə, filialda yeni yaradılan Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi ilə tanışlıq olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?