Tədqiqatçıların nəzərinə:Tədqiqat və mentorluq təlimlərinə qeydiyyat başlandı

  • 2021-05-03 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə ARTİ Tədqiqat Mentorluq Proqramının icrasına başlayır. 6 ay (İyun-Dekabr, 2021-ci il) davam etməsi nəzərdə tutulan Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorları və mentiləri (mentorun tələbəsi) olmaq istəyənlərin müraciətləri qəbul ediləcək.

Mentorluq proqramının məqsədi və təməl yanaşması “tətbiq edərək öyrənməkdir”. Bu çərçivədə mentorluq proqramının iştirakçıları olaraq mentorlar və mentilər ARTİ-də həyata keçirilən tədqiqat proseslərində aktiv olaraq iştirak edəcək və proses müddətində elmi ədəbiyyatların nəzərdən keçirilməsi, dataların (məlumatların) toplanılması və təhlili, araşdırma hesabatının hazırlanması kimi fəaliyyətlərdə mütəmadi olaraq rol alacaqlar. Mentorluq proqramında iştirak ödənişsizdir və proqram müddətində fərqlənən iştirakçılar üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.

Tədqiqat proqramına seçilmiş mentorlar proqramda iştirak etməklə:

-Tədqiqat qruplarına rəhbərlik edərək liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirəcək;

-Təhsil sahəsində araşdırma etməklə yeni mövzular ətrafında biliklərini artıracaq;

-Yeni tədqiqatçılar tanıyaraq tədqiqat şəbəkəsini genişləndirəcək və əməkdaşlıqlar quracaq;

-Tədqiqat aparmaq üçün təhsil müəssisələrinə rahat çıxış imkanı əldə edəcək.

-Tədqiqat proqramına seçilmiş mentilər proqramda iştirak etməklə:

-Təhsil sahəsindəki aktual mövzular haqqında məlumat sahibi olacaq;

-Tədqiqat aparmağın yollarını və mərhələlərini öyrənəcək;

-Tədqiqat metodları və üsulları haqqında bilik və bacarıqlar əldə edəcək;

-Akademik yazı bacarıqlarını inkişaf etdirəcək;

-Komandada işləmə təcrübəsi qazanacaq.

Tədqiqat Mentorluq Proqramı müddətində iştirakçılara sözügedən bilik və bacarıqların əldə edilməsi üçün aşağıdakı imkanlar təqdim ediləcək:

-ARTİ tərəfindən təşkil olunan və beynəlxalq təlimçilərin rəhbərliyi altında həyata keçiriləcək tədqiqatlarla bağlı təlimlərdə/vebinarlarda iştirak;

-Mentilərin tədqiqatçı kimi formalaşması üçün akademik dəstək;

-Mövcud beynəlxalq və yerli tədqiqatı maliyyələşdirmə imkanları barədə məlumatlandırılma;

-Təhsil sektorunda çalışan əsas əməkdaşlarla şəbəkələşmə;

-Tədqiqat proqramının sonunda sertifikat və proqramı müvəffəqiyyətlə bitirən şəxslərə mükafatlar.

Kimlər tədqiqat mentoru ola bilər?

-Müstəqil tədqiqatçılar;

-Elmi tədqiqat aparmaq təcrübəsi olan araşdırmaçılar;

-Doktorantlar, dissertantlar, magistrantlar.

Kimlər tədqiqat mentisi ola bilər?

-Ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan bakalavr tələbələri və ya magistratura səviyyəsində təhsil alan tələbələr;

-Akademik karyerasına yeni başlayan araşdırmaçılar;

-Təhsil sahəsində tədqiqat aparmağa marağı və motivasiyası olan şəxslər;

-Məktəb müəllimləri.

Qeyd edək ki, proqram müddətində nəzərdə tutulmuş fəaliyyətləri icra etmək üçün mentorların və  mentilərin həftədə 7-10 saat vaxt ayırmağı gözlənilir.

Müraciət üçün 12 may 2021-ci il tarixinədək aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz: https://forms.office.com/r/018DEnYB6p

Proqram şərtlərinə uyğun olan namizədlərlə 19 may tarixində müsahibəyə dəvət üçün əlaqə saxlanılacaq. Müsahibə mərhələsindən uğurla keçən namizədlər proqramın iştirakçısı olaraq fəaliyyətə başlayacaqlar.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-03
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba filialı