“Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq” adlı vebinar keçiriləcək

  • 2021-06-08 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 14 iyun saat 15:00-da “Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq” adlı vebinar təşkil edəcək.

Vebinarın spikerləri riyaziyyat fənni üzrə mütəxəssis Vüqar Musayev, təbiət fənləri üzrə mütəxəssis Yalçın İslamzadə, tədbirin moderatoru isə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olacaq.

Onlayn tədbir ARTİ-nin rəsmi “Facebook” səhifəsi üzərindən həyata keçiriləcək.

Vebinarın keçirilməsində əsas məqsəd ictimaiyyəti təhsil proqramlarının və tədris resurlarının yenilənməsi prosesi ilə tanış etməkdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu milli təhsil sistemində keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün bir sıra fəaliyyətləri icra edir. Bu məqsədlə bacarıq əsaslı təhsili dəstəkləmək üçün təhsil proqramlarının və tədris resurlarının təkmilləşdirilməsi həyata keçirilir.

Təhsil proqramlarının və tədris resurlarının təkmilləşdirilməsi prosesinə Sinqapurun təhsil şirkətləri cəlb olunub. Son illərdə Sinqapurlu şagirdlərin TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr göstərməsini nəzərə alaraq Azərbaycanda da bəhs edilən istiqamətlərdə uğurlu nəticələrin əldə edilməsi üçün Sinqapurun təhsil şirkətləri ilə birgə effektiv əməkdaşlıq davam edir. Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində Riyaziyyat fənni və Təbiət fənləri üzrə təhsil proqramlarının və dərslik komplektlərinin təkmilləşdirilməsi məqsədilə işlər görülür.

 

 

Elan haqqında :

  • Başlama tarixi::2021-06-08
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-14
  • End Time:15:00
  • Məkan::ADPU Quba filialı