ADPU-nun Quba filialını seçən I tədris ili tələbələrinin nəzərinə! Əziz tələbələrimiz!

  • 01 Eylül 2022 - 00:00
  • ADPU QUBA filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına qəbul olmağınız münasibətilə sizləri başda direktorumuz dosent Y.Alıyev olmaqla professor-müəllim kollektivi adından təbrik edir və bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

Məlumat üçün diqqətinizə çatdırırıq ki, qeydiyyatdan onlayn keçmə ilə bağlı tətbiq edilən http://portal.edu.az/ portalında qeydiyyat zamanı üzləşə biləcəyiniz çətinlikləri aşmaq üçün
ƏN ÇOX VERİLƏN SUALLAR (BAKALAVRİAT QEYDİYYATI) başlığı altında aşağıdakı metodiki yardım təqdim edirik.
Ümumiyyətlə yaranacaq istənilən sual zamanı Quba filialı ilə əlaqə saxlaya bilərsiniz.

(050) 862 36 10 Aysel Şeydayeva, Sosial hum.məs.üzrə direktor müavini, Sənəd Qəbulu Komissiyasının sədri
(050) 497 12 62 Yusif Abayev İKT şöbəsinin müdiri, Sənəd Qəbulu Komissiyasının məsul katibi

Sual 1. Bakalavr səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Amma müraciətinizi qəbul olduğunuz müəssisəyə göndərməmisinizsə, mütləq “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil müəssisəsinə göndərməlisiniz.

Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.

Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

Sual 5. Bakalavriat pilləsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi bakalavriat pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.

Sual 6. Şəxsi məlumatlarımı necə daxil etməliyəm?
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı məlumatı daxil etməyinizə ehtiyac yoxdur. FİN-i olmayan əcnəbilər müvafiq sənədi seçməklə təqdim olunan mövcud xanaları əl ilə doldurulmalıdırlar.

Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.

Sual 8. Sənədlərimi hansı formatda əlavə edim?
Eyni sənədin bir neçə səhifəsi varsa, onu skan edərkən, 1 PDF faylda birləşdirərək əlavə etməlisiniz.

Sual 9. Hansı sənədləri əlavə etməliyəm?
Attestatın surəti: Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir.
İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir.
Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər.
Ağ fonda 3×4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər.
Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər.
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.

Sual 10. Sənədlərin hansı xanalara əlavə edilməsi mütləqdir?
“Müraciət et” və ya “Yadda saxla” düymələrini sıxdığınız zaman qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.

Sual 11. Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır, nə etməliyəm?
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsini sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkan yaranır.

Sual 12. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?
Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisənin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.

Sual 13. Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem vasitəsilə edə bilərəm?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Güzəştli qəbul” addımı çıxacaqdır.
Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
23 yaşı tamam olmuş ödənişli tələbələr üçün “Valideyn himayəsindən məhrum olmuş uşaq və onlar arasından olan şəxslər” seçimi görünmür və onlar bu güzəştdən “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadə edə bilmirlər.

Sual 14. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir. Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və
Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisəsinin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq, təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.

Sual 15. Valideyn məlumatlarını daxil etmək üçün xanalar görünmədikdə, valideyn məlumatlarımı necə daxil etməliyəm?
Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür:
1. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər;
2. Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23 yaşı tamam olmamış şəxslər.
Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn
məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür.
1. I və II dərəcə əlilliyi olan şəxslər;
2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs;
3. Məcburi köçkün statusu olan şəxs.
Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.

Sual 16. Valideynim vəfat etdiyinə və ya məlum olmadığına görə FİN-ni bilmədikdə, FİN daxil etməyə bilərəm?
Valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil
etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük əhəmiyyətə malikdir.

Sual 17. Təhsil haqqımı hansı formada ödəməliyəm?
Təhsil haqqınızı portal.edu.az, gpp.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz. Bunun üçün ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməli, “Ali və orta ixtisas təhsili müəsssisələrinə
təhsilalan qeydiyyatı” xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil müəssisənizə müraciət etməlisiniz.
Müraciətiniz göndərildikdən sonra təhsil müəssisəsi tərəfindən sənədləriniz yoxlanılacaq və müvafiq olaraq onlara Ödəniş edilməlidir statusu təyin ediləcək. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz.
Ödəniş etmək üçün detallı izahlar:
Addım 1: Tələbə şəxsi kabinetilə ödəniş edə bilər.
Addım 2: Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir.
Daha sonra ödəniş icra edilə bilər.
Addım 3: Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir.
Addım 4: Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvfiq bölməsindən edə bilər.

Sual 18. Ödəniş qəbzi əlavə edirəm, amma status Ödəniş edilməlidir olaraq qalır. Müəssisə sənədlərimi qəbul edəcək?
Ödəniş qəbzi əlavə etdikdən sonra status dəyişmir. Siz çeki əlavə etdikdə, əlavə etdiyiniz ödəniş qəbzi müəssisəyə yönləndirilir və müəssisə yoxladıqdan sonra sistem vasitəsilə statusu dəyişəcəkdir. Gözləməyiniz xahiş olunur.

Sual 19. Müraciət etmişəm ödəniş addımı görünmür. Nə etməliyəm?
Portalda ödəniş addımı yalnız müəssisə tərəfindən ödəniş edilməlidir statusu təyin edildikdən sonra görünür. Lakin daha tez ödəniş etmək istəyirsinizsə, gpp.az, xidmətindən istifadə etdiyiniz bankdakı şəxsi kabinetinizdən və ya banka yaxınlaşaraq ödəniş edə bilərsiniz.

Sual 20. Qeydiyyatdan keçmədən ödəniş edə bilərəm?
Qeydiyyatdan keçmədən ödəniş etməməyiniz xahiş olunur.

Sual 21. İki təhsil müəssisəsindən qəbul almışam, seçimi necə davam etdirməliyəm?
Qəbul xətti seçimi mərhələsinə gəldikdə, sistem tərəfindən sizə xəbərdarlıq ediləcək ki, siz iki təhsil müəssisəsinə qəbul olmusunuz, lakin yalnız bir təhsil müəssisəsi seçmək imkanınız var və seçim
etdikdən sonra yenidən seçim imkanınız olmayacaq.
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə yeni müraciət göndərmək imkanınız
yaranacaqdır.

Sual 22. İki təhsil müəssisəsindən birini seçib müraciəti göndərdikdən sonra fikrimi dəyişərəmsə nə edə bilərəm?
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə müraciət göndərmək imkanınız yaranacaqdır.

Sual 23. Qeydiyyat nə zaman başlayır və nə zaman bitir?
Qeydiyyat 02.09.2022-ci il tarixdən başlayır və 12.09.2022-ci il tarixində bitəcəkdir.

Hörmətlə, ADPU Quba filialının Sənəd Qəbulu Komissiyası…

EVENT INFO :

  • Start Date:01 Eylül 2022
  • Start Time:00:00
  • End Date:30 Eylül 2022
  • End Time:00:00
  • Location:ADPU QUBA filialı