Əziz abituriyentlər, sizləri bizi – Quba filialını seçməyə dəvət edirik!

  • 24 Temmuz 2022 - 00:00
  • ADPU Quba filialı

Həyatımızın uğurlu olması həm də bizim seçimlərimizdən asılıdır: ali məktəb seçimi, dost seçimi, iş və ya ixtisas seçimi və s. Əgər həyatın bizə seçmək şansı verdiyində doğru istifadə etməyi bacarsaq uğura daha layiqli bir şəkildə çata bilərik. Təhsilin növbəti, yəni ali məktəbdə davam edən hissəsi kortəbii və ya diplom xatirinə deyil, düşünülmüş şəkildə başlaması da həyatda atılacaq vacib addımlardan birincisidir.
Təhsil insan şəxsiyyətinin formalaşmasında ən mühüm amildir. Təhsil bir ölkənin inkişafının ən vacib aspektlərindən biridir. Cəmiyyətlərin və ya ölkələrin inkişaf etməsi üçün o ölkənin və ya cəmiyyətin üzvlərinin yaxşı təhsil almış, yaxşı təchizatlı insanlar olması, savadlı kadrlar kimi yetişməsi lazımdır. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində də bir daha şahid oluruq ki, Azərbaycanda insan kapitalının formalaşmasında keyfiyyətli təhsil və təlim sistemi ön sırada dayanmağı bacarır.
Əziz abituriyentlər, bu səbəbdən də ali məktəb seçimi sizlər üçün yeni mərhələnin başlanğıcıdır desək yanılmarıq. Seçim etməzdən əvvəl isə tanımaq daha vacibdir. Seçiminizdə daha böyük uğur əldə etmək üçün sizlərə ADPU-nun Quba filialı haqqında qısa da olsa məlumat vermək istərdik.
Ölkə ərazisinin 8.3%-ni (7.1 min kv.km), əhalinin isə 5.6%-ni (560 min nəfər) təşkil edən respublikamızın Şimal bölgəsində fəaliyyət göstərən Quba filialında ölkənin 32 rayonundan olan 1000-ə yaxın tələbə bakalavriatura pilləsində təhsil alır.Filial hazırda regionda yeganə ali təhsil müəssisəsi omaqla yanaşı həm də digər respublika universitetləri ilə istər elm, istərsə də maddi texniki baza baxımından rəqabətədavamlı bir şəkildə artan xətt üzrə inkişaf edir. Ön sırada olmaq üçün Filialda görülən işlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından, Təhsil Nazirliyinin, ADPU-nun rektoru professor Cəfər Cəfərovun, filialın direktoru dosent Yusif Alıyevin müvafiq qərarlarından irəli gələn təşəbbüs və tapşırıqlar əsasında sistemli şəkildə həyata keçirilir.
Hər il kafedra müəllimlərinin elmi məqalələri, kitab, dərslik, proqram və monoqrafiyaları işıq üzü görür, nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı da artan dinamika ilə inkişaf edir, hətta pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, filial əməkdaşlarının tədris ili ərzində istər elmi, istərsə də publisitik 100-dən artıq məqaləsi dərc olunmuşdur. Filialın elmi və pedaqoji kadr potensialında professorlar, elmlər və fəlsəfə doktorları, baş müəllimlər, alimlər, gənc doktorant və dissertantlar yer tutur.
İldən ilə filiala qəbul olan tələbələrin keyfiyyət göstəricilərində də irəliləyişlər müşahidə olunur. Filial tarixində 670 bal yığaraq təhsil alan tələbəmizlə yanaşı, 500-dən artıq bal toplayaraq Quba filialını seçən tələbələrin sayı əvvəlki illərə nisbətən xeyli çoxdur. Tələbələr dövlət təqaüdü, əlavə təqaüd, “Gələcəyin müəllimi” məqsədli təqaüdü almaqla yanaşı, yanaşı filialın direktoru dosent Yusif Alıyev tərəfindən təsis edilən Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər də alırlar.
Filialda hər il cari ilə nisbətən təhsilini başa vurub magistratura pilləsinə qəbul olan tələbələrin sayı da artmaqdadır, 2020-ci ildə 10 nəfər, 2021-ci ildə 21 nəfər, 2022-ci ildə isə bu say 16 nəfər olmuşdur. Bundan başqa, MİQ imtahanlarında onlarca məzunlarımız fərqlənərək müəllim adını qazanmışdır.
ADPU-nun Quba filialında görülən işlərlə əlaqədar qarşıya qoyulan məqsədlər nəinki region, eləcə də respublika, hətta beynəlxalq miqyaslı tədbirlərlə əhatələnir. Filialda həmçinin tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqat işlərinə cəlb olunmaları, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkili üçün 100-lərlə layihələr (İntellektual oyunlar, müsabiqələr, təlim və seminarlar, ) həyata keçirilir. Bütün bu görülən işlərin isə yalnız bir məqsədi var idi, filialın ümumi inkişafı, gənclərin dövlət, cəmiyyət üçün yararlı kadr kimi yetişdirilməsi, onların dünyagörüşünün formalaşdırılması. Filial daim inkişaf etməyi, təkmilləşməyi qarşıya məqsəd kimi qoymuşdur, inanırıq ki, gələcəkdə bizləri seçəcək abituriyentlər onlara istiqamətlənmiş bütün bu səmərəli fəaliyyətdən yararlanacaqlar.
Əziz abituriyentlər, sizi də bizlərin sırasına qatılmağa çağırırıq.
Aysel Şeydayeva. ADPU-nun Quba filialının direktor müavini.

EVENT INFO :

  • Start Date:24 Temmuz 2022
  • Start Time:00:00
  • End Date:24 Temmuz 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filialı