Könüldən yıxılıb gözdən düşənlər…

26.09.2024
Könüldən yıxılıb gözdən düşənlər…

Avtobus kəndimizdən çıxana qədər bir neçə yerdə dayanır. Sonuncuda bir oğlan mindi, nə zəhmət çəkib saxladığı üçün sürücüyə təşəkkür etdi, nə də sərnişinlərə salam verdi. Kimsəsiz adanın sakini kimi ətrafına əhəmiyyət vermədən boş oturacaqlardan birində əyləşib, telefonu ilə məşğul olmağa başladı. İlk baxışdan bu epizodun nə sizə, nə də mənə dəxli var. Lakin insanlığın kor-koranə üz tutub getdiyi uçurumun çox da uzaq olmaması fikri hisslərimizə toxunmaya bilmir.

     Otra məktəbdə mənə dərs demiş, sonradan universitetlərdən birinin professoru olan Ələkbər müəllim (Allah rəhmət eləsin.) bir neçə il əvvəl Almaniyada yaşayan oğlunun yanına getmişdi. Söhbət əsnasında o ölkənin gözəlliklərindən danışmaqla yanaşı, orada insanların hissiyyatsızlığı, üzlərində ətrafa qarşı donuq, laqeyd münasibətin heç xoşuna gəlmədiyini bildirdi. Almaniya, deyək ki, xarici ölkədir, bəs yeri, göyü gülən, gülümsəyən Azərbaycanın belə vətəndaşına nə deyəsən? Axı biz təbəssümü sədəqə hesab edən bir Peyğəmbərin (s.ə.s) ümmətiyik.

     Daha bir epizod. Taksi xidməti ilə məşğul olan iki gənc növbə üstündə bir-biri ilə mübahisəyə başladılar. Güc-bəla aranı sakitləşdirə bildik.

     Pulunu köçürdüyümüz halda internet əlaqəmizin kəsildiyinə görə həmkəndlimiz va cavabdeh texnikə zəng edib səbəbini öyrənmək istəyirəm. Dərdimi deyib qurtarmamış adam: – Sən savadlı bir adamsan, mən filan yerdəyəm, zəng edirsən…

     Nə yaşıma, nə də özünün dediyi kimi, savadıma hörmət etməyə (Hələ mən vəzifə borcunu demirəm.) qabiliiyəti çatmyan birisinə rəhmətlik Aşıq Ələsgərin tərifi ilə cavab vermək olar:

“Can” dеməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mеhriban еylər.

“Çor” dеyənin nəfi nədi dünyada,

Abad könlü yıxar, pərişan еylər.

      İnsanlararası münasibətlərdə zorakılıq halları həm adiləşib, həm də qloballaşıb. Səbir, təmkin, hövsələ, bunları özündə birləşdirən tolerantlıq, deyəsən, sözlüklərdə yaşamalı olacaq.

      Övladı üçün maşın, sürücülük vəsiqəsi alıb, onu mənzili məchul yola çıxaran nə qədər valideyn var. Həyat da belədir. Adi yolda hərəkət ikitərəfli olduğu halda, həyat yolu ən azı dördtərəflidir. Əslində dünyaya gətirdiyimiz övladları daha mürəkkəb olan həyat yoluna hazırlamalı deyilikmi? Yazıdakı epizodlarda bəhs etdiyim gənclərin valideynləri ötən əsrin ortalarında yaşamış, o dövrün tərbiyəsi ilə yetişmiş insanlar olublar. Bugünkü gənclərin övladlarının əxlaqi səviyyəsi necə olacaq, Allah bilir.       Uşaqlığımızda valideynlərimizi dərslərimizdən çox tərbiyəmiz narahat edərdi. Bizlərdən heç vaxt xahiş etmədikləri halda, yaşlılara, qız-qadına münasibətdə ehtiyatlı

olmamız üçün az qala yalvarardılar. Müəllimlərdən də birinci tərbiyəmizi, məktəbdə özümüzü necə apardığımızı soruşardılar. Onlar yaxşı bilirdilər ki, oxuyub-öyrənmək heç vaxt gec deyil. İrəliləmiş yaşlarında belə oxuyub, müxtəlif peşə sahibləri olan o qədər insanlar var ki. Elə bizə dərs deyən müəllimlərin əksəriyyəti hərbi xidmətdən sonra ali təhsil alanlar idilər. İnsanın zinəti olan gözəl əxlaq, nümunəvi tərbiyədə gecikmək həmişə acı nəticələr vermişdir. Məktəb illərindən neçə-neçə qabiliyyətli məktəb yoldaşımızın tərbiyəsindəki problemlər ucbatından həyatın dibinə çökdüyünün şahidiyik. Gündəlik həyatda rast gəldiyimiz zorakılıq halları, necə deyərlər, aysberqin görünən tərəfi, yəni doqquzda biri, cüzi hissəsi, vətəndaşın tərbiyəsində yol verilmiş boşluqlar və gecikmələrin nəticələridir.

     Dünyanın müxtəlif ölkələrində məktəblərdə baş alıb gedən zorakılıq halları da bu məsələnin çox ciddi olduğunu göstərir. İnsanlara qarşı laqeyd, aqressiv münasibət 2012-ci ilin dekabr ayının 14-də özü ilə birlikdə 28 nəfəri qətlə yetirən 20 yaşlı Adam Lanzanın vətəni ABŞ başda olmaqla, Avropanın inkişaf etmiş ölkələrində də artmaqdadır. Kiçik yaşlardan başlayaraq, uşaqların ətrafındakılara qarşı arzuolunmaz münasibəti bu ölkələri artıq müəyyən tədbirlər görməyə məcbur edib. İlk növədə ciddi etiraflar maraq doğurur. “Zorakılıq və Məktəb Beynəlxalq Jurnalı”nın 2009-cu il sayı (International Journal of Violence and School – 9 – September 2009)  keyfiyyəti ilə dünyanı, o cümlədən, bizləri də  heyran edən Almaniya məktəblərində baş verən zorakılıq halları, bu halların getdikcə artması və bunun səbəblərinin araşdırılmasına həsr olunmuşdur. Bir məlumata görə, İngiltərə məktəblərində hər il təxminən 16 gənc məktəb yoldaşlarından gördüyü zorakılıq halları ucbatından intihar edir.

     Nümunəvi davranışa, müəllimə hörmət göstərməyə alışmış yaponlar da övladlarının yoldaşları və müəllimlərinə qarşı zorakı, məktəb ləvazimatına dağıdıcı münasibətlərinin sürətlə artdığından çox narahatdırlar.

      Mövcud durumu araşdıranlar müxtəlif səbəblər irəli sürürlər. Ailələrdə yaşanan zorakılıq halları, yeniyetmələrin cəlb olunduğu nəzarətsiz, zərərli mikromühit, bəzi məktəblərdə lazımi pedaqoji şəraitin olmaması, məktəbin yerləşdiyi ərazidəki kriminal vəziyyət, televizor, zorakılıqla dolu filmlər, ailənin maddi vəziyyəti, sosial mövqeyi, əvvəlki dövrlərə nisbətən yeniyetmələrə verilən tam sərbəstlik, bundan sui-istifadə və s. tez-tez sadalanan səbəblərdəndir. Bizcə, ən əsas səbəb ailədə uşaqların tərbiyəsinin düzgün qurulmamasıdır. Kitab oxumağın daşını birdəfəlik atmış müasir valideyn ailədə zamanla ayaqlaşan tərbiyə atmosferi qura bilməz. Düzgün olmayan tərbiyə yad bir şəhərdə hara gedəcəyini bilməyən qəribə bənzər insan yetişdirər. Valideynlərin pedaqoji maarifləndirilməsi dövlət səviyyəsində, sistemli şəkildə həyata keçirilməlidir.

      Qonşumuz qaynaqçı Sultanməcid kişi soruşsaydın, mübtəda və ya xəbərin nə olduğunu bilməzdi. Bircə oxumağı bacarırdı. Bir neçə müəllimin, o cümlədən, mənim kitabxanamdakı əksər kitabları oxumuşdu. Danışanda hansısa universiteti bitirdiyini zənn edərdin. Oxumaq insan şəxsiyyətinin formalaşmasında, nümunəvi əxlaqa, geniş dünyagörüşünə yiyələnməsində, rəvan nitqə, mükəmməl yaddaşa sahib olmasında, yaradıcı təxəyyülün inkişafında əvəzsiz rol oynayır. 

Bir sıra alimlər tərəfindən Amerikanın ən yaxşı prezidenti hesab olunan Avraam Linkoln kitab oxumaq aşiqlərindən biri olub. Doqquz yaşında anasını itirən gələcək prezident məktəbdə bircə il təhsil ala bilməsinə baxmayaraq, özünün dediyi kimi, əlinə keçən kitabları oxuyub öyrənməklə o səviyyəyə çatmışdır. Oxumağa alışmağın əhəmiyyətini Viktor Hüqo da gözəl ifadə edtmişdir: “Oxumağı öyrənmək tonqal qalamaqdır; tələffüz olunan hər heca isə qığılcımdır”. (To learn to read is to light a fire; every syllable that is spelled out is a spark.)

      Amerika yazıçısı Rey Duglas Bredberi (1920-2012) demişdir: “Bir mədəniyyəti məhv etmək üçün kitabları yandırmağa ehtiyac yoxdur. Sadəcə olaraq, insanları onları oxumaqdan ayırmaq kifayətdir”. (You don’t have to burn books to destroy a culture. Just get people to stop reading them.)

      Doğrudan da belədir. V. Şekspiri tanımayan, ən azından, “Kral Lir” əsərini oxumayan gənc, övlad tərbiyəsində tərəfgirliyin, övlad nankorluğunun acı nəticələrinin nə olduğunu haradan bilsin?! Bəşəri dəyərləri tərənnüm edən digər klassiklər də gənc insanın həyata hazırlanmasında böyük rol oynayır.

     Oxumayan, həyatın inkişafından xəbərdar olmayan adam hər bir hərəkətinin normal olduğunu, yaxşılıq, pislik haqqında yanlış fəlsəfəsini ən gözəl həyat norması zənn edir. Yaxşılığı, yaxşı olmağı hər kəs öz dünyagörüşünə uyğun anlayır. Ağıllı bir adamdan eşitdiyim bir kəlam düşüdü yadıma: – Yaxşılıq hər kəsin öz anlayışı olsa da, yaxşı olmaq hər kəsin bildiyi kimi olmaq deyil, Allahın istədiyi kimi olmaqdır.

     Yazımı Mhatma Gandinin sözləri ilə davam etdirmək istərdim: “Özünü tapmağın ən yaxşı yolu özünü başqalarının xidmətində itirməkdir”. (The best way to find yourself is to lose yourself in the service of others.)

     Unutmayaq ki, Allah bizləri həm də bir-birimizlə imtahan edir. Bu imtahandan üzüağ çıxmaq üçün isə  “Allahın istədiyi kimi olmaq” hər birimizin borcudur. 

     Uca kitabımızı dinləyək: – 24. Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. 25. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. 26. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (14. “İbrahim” surəsi) https://zikr.az/node/966

     Pislik etməyin, könül qırmağın saysız-hesabsız yolları vardır. Hansı olur-olsun, bədəli Həzrəti Mevlanənin dediyi kimi birdir: – Kəbə Azərin oğlu İbrahimin tikmiş olduğu bir binadır. Qəlb isə Uca Allahın nəzərgahıdır. Bu səbəbdən, bir qəlbi məhv etmək, min Kəbəni dağıtmaqdan daha pisdir.

     Könül yıxanlar, ürək bulandıranlar kaş özlərinin könüllərdən yıxıldıqlarını və bir daha qalxa bilməyəcəklərini anlasaydılar. Gözdən düşməyi heç kəsə arzulamazdım.      Allah insanların qəlblərini bir-birilərini dinləmək, başa düşmək üçün səbir, təmkinlə doldursun, kitab oxumaq eşqi, öz gözəl davranışları ilə başqalarına nümunə olmaq, insanlığa xidmət etməkdən zövq ala bilmək xoşbəxtliyi nəsib eləsin! Amin! 

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər  kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?