9 Noyabr-Dövlət Bayrağı Günü

14.11.2024
9 Noyabr-Dövlət Bayrağı Günü

Pedaqoji Universitetinin Quba filialında Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli mərasim təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra müasir və müstəqil Azərbaycan xalqının xilaskar oğlu ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Strateji məsələlər üzrə mütəxəssis, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyev iştirakçıları səmimiyyətlə salamlayaraq diqqətə çatdırılıb ki, hər bir xalqın milli təqvimində bir-birindən fərqli günlər olur. Bu mənada noyabr ayı xalqımız və dövlətimiz üçün olduqca əlamətdardır. Pedaqoji Universitetin Quba filialı bir sıra tədbirlərə ev sahibliyi etməklə bərabər, kollektivin nümayəndələri respublika və rayon səviyyəli tədbirlərdə də yaxından və fəal şəkildə iştirak edirlər.
Azərbaycanın dövlət bayrağının təsis edilməsi tarixi barədə müfəssəl məlumat verən Sabir Hacıyev bildirib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, eyni zamanda, digər strateji məsələlərlə yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub. Bu barədə, Naxçıvan Ali Məclisin Qərarı ümummilli lider Heydər Əliyevin şəxsən öz tərəfindən öz xətti ilə yazılmışdır. Eyni zamanda, Naxçıvan parlamenti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi üçün Azərbaycan Ali Sovetinə tövsiyə ünvanlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Müasir dövrdə bayrağımızı zirvələrə qaldıran, ölkəmizin hər yerində dalğalandıran Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusudur. Azərbaycanın dövlət bayrağının dünyanın hər bir yerində əzəmətlə dalğalanması xalqımızın iftixar hissinin tərənnümüdür.
Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyevin rəhbərliyi ilə ADPU-nun Quba filialında aparılan islahatlar, təhsilin yüksəlişi naminə həyata keçirilən fundamental tədbirlər, elmi yaradıcılıq işləri, beynəlxalq konfranslar, təsis edilən beynəlxalq əlaqələrin ümumi mahiyyəti kimi əsaslı məsələlərə toxunan S. Hacıyev deyib ki, görülən işlərin nəticəsidir ki, hazırda filialdakı tədrisin səviyyəsi bütün ölkəmiz üçün cəlbedici səviyyə almışdır. Qeyd olunub ki, filialda xüsusilə təhsilin yüksəlişi naminə professor-müəllim və tələbə heyətindən eedilən tələblər Prezident İlham Əliyevin təhsil siyasətinin bütün istiqamətlərini özündə ehtiva edir.
Sonra tarix üzrə fəlsəfə doktoru, baş müəllim Təhminə Əliyeva, ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova və Tələbə Həmkarlar İttifaqının sədri Aygün Şıxbabayevanın çıxışları dinlənilib.
Azərbaycan xalqının milli-azadlıq arzuları, dövlət bayrağımız və onun quruluşunun milli məzmunu, müstəqilliyimizə uzanan çətin və şərəfli yolda aparılan ümummilli mübarizə yoluna toxunan çıxışçılar qeyd ediblər ki, Azərbaycan gəncliyi xalqımızın azadlıq mübarizəsinin mahiyyətini dərindən dərk etməli, öz yüksək bilikləri ilə müstəqilliyimizin keşiyində dayanmalıdırlar.
Çıxışlarda əminliklə ifadə olunub ki, Azərbaycan gəncliyi bu əzəmətin necə qazandını heç zaman unutmayacaq. Elmi, zəkası, idrakı və intellekti ilə müstəqilliyimizi əzmlə qoruyacaq, milli bayrağımızı hər zaman uca tutacaqdır.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edən çıxışçılar qəhrəman, şücaətli və humanist Ordumuz haqqında xoş ifadələr səsləndirərək bayram təbriklərini bölüşüblər.
Tədbirin bədii hissəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələrinin birlikdə, eyni zamanda tələbələr-Mələkxanım Ağasıyeva, Qərənfil Məmmədova, Nərmin Əlisultanova, Babək Mirzəyev və Şahanə Hüseynovanın çıxışları olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?