9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə filialın tələbələri Quba şəhərində yerləşən Bayraq Muzeyində olub

12.11.2025
9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə filialın tələbələri Quba şəhərində yerləşən Bayraq Muzeyində olub

Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU)Quba filialının dekan müavini Mürvət Əliyev, filialın Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nurlan Ömərov, sədr müavinləri və bir qrup tələbələri 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə Quba Bayraq Muzeyində ekskursiyada olublar. Ekskursiya müddətində keçirilən tədbir zamanı Muzeyin əməkdaşları tərəfindən tələbələrə Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi haqqında məlumat verilib, çıxışlarda qeyd edilib ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Daha sonra tələbələr Bayraq Muzeyindəki müxtəlif nümunələrlə tanış olublar. Ekskursiya tələbə-gənclərin marağına səbəb olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?