600-dən yuxarı bal toplayan abituriyentlər yüksək və əlçatan təhsilin ünvanı olan Quba filialını seçirlər.

22.07.2026
600-dən yuxarı bal toplayan abituriyentlər yüksək və əlçatan təhsilin ünvanı olan Quba filialını seçirlər.

​Azərbaycan Respublikasında təhsilin inkişafına göstərilən dövlət qayğısı və bu strateji sahədə əldə edilən tarixi nailiyyətlər bir daha sübut edir ki, intellektual potensialın yüksəldilməsi ölkə siyasətinin hər zaman diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sadiqliklə fəaliyyət göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə, elmə və gənclərə göstərdiyi misilsiz diqqət və qayğı ölkəmizin hər bir bölgəsində parlaq bəhrəsini verməkdədir. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlar buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə edir, gələcək peşə seçimlərində ölkəmizin nüfuzlu ali təhsil ocaqlarına, xüsusilə də regionların intellektual mərkəzinə çevrilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına böyük etimad göstərirlər. 2026/2027-ci tədris ilində ADPU-nun Quba filialı yüksək intellektual göstəricilərə malik abituriyentlərin axını ilə yenidən diqqət mərkəzindədir. Cari ildə filiala yüksək etimad göstərən, respublika üzrə ən yüksək nəticələrdən birini qazanaraq 613 bal toplayan Elşad Musayev, həmçinin 500-dən yuxarı yüksək nəticələr əldə edən Rəsul Dadaşov (548 bal), Fidan Bilalova (540 bal) və Sona Həsənbəyova (537 bal) ali məktəb seçimində məhz bu təhsil ocağına üstünlük vermişlər. Bu gənclərin hər biri Quba filialını yalnız bir təhsil müəssisəsi kimi deyil, həm də onların gələcək elmi, peşəkar və şəxsi formalaşmasında əsas təməl olacaq elm məbədi kimi qiymətləndirirlər. Onların bu seçimi regionda ali təhsilin keyfiyyətinə, yaradılan müasir akademik mühitə və professor-müəllim heyətinin peşəkarlığına verilən ən yüksək qiymətdir. Yüksək bal toplayan bu gənclər qarşıdakı tədris illərində filialın qazanacağı yeni uğurlarda kollektivlə çiyin-çiyinə addımlayacaq, tələbə həyatının hər bir anını zəngin elmi axtarışlarla və ictimai fəallıqla dəyərləndirəcəklər. Bu münasibətlə ADPU-nun Quba filialında yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə geniş tərkibdə xüsusi görüş keçirilib. Görüşdə filialın direktoru, professor Yusif Alıyev, rəhbərlik nümayəndələri, professor-müəllim heyəti və tələbə gənclər iştirak ediblər. Tədbir yüksək coşqu və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb. Görüşü giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev abituriyentləri və onların valideynlərini,onları yetişdirən məktəb mühitini, müəllimlərini bu əlamətdar uğur münasibətilə səmimi-qəlbdən təbrik edərək, onların seçdiyi yolun şərəfli və məsuliyyətli olduğunu vurğulayıb: “Əziz gənclər, hörmətli valideynlər! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının doğma və səmimi akademik ailəsində görməkdən sonsuz qürur və məmnunluq duyuruq. Sizin əldə etdiyiniz bu yüksək ballar – 613, 548, 540, 537 nəticələr təsadüfi deyil; bu, illərlə çəkilən gərgin əməyin, dərin zəkanın, valideynlərinizin fədakarlığının və müəllimlərinizin peşəkar əməyinin bəhrəsidir. Çox qürurverici haldır ki, ölkəmizin müxtəlif bölgələrindən gələn ən savadlı, intellektual potensiallı gənclər məhz regional inkişafın təhsil ocağı olan bizim filialımızı seçirlər. Bu, bir daha sübut edir ki, Quba filialı təkcə bilik verən məkan deyil, həm də vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, dövlətinə və xalqına bağlı əsl ziyalı yetişdirən mərkəzdir. Biz universitet rəhbərliyi və professor-müəllim heyəti olaraq qarşımıza məqsəd qoymuşuq ki, sizin hər birinizin potensialınızı tam şəkildə reallaşdırması üçün lazımi şərait yaradaq. Siz burada müasir elmin və pedaqogikanın ən son nailiyyətlərinə yiyələnəcək, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən yüksək ixtisaslı kadrlar kimi formalaşacaqsınız. Qapımız və ürəyimiz hər zaman savadlı, çalışqan və iradəli gənclər üçün açıqdır. İnanıram ki, siz tələbə adını şərəflə daşıyacaq, Quba filialının bayrağını hər zaman uca tutacaqsınız!” Görüşdə çıxış edən filialın direktor müavinləri p.f.d Pərvanə Rzayeva və p.f.d Aysel Şeydayeva, dekan Nubar Bayramova, şöbə müdiri Mələk Bağırova abituriyentlərin gələcək təhsil trayektoriyası, filialda fəaliyyət göstərən elmi dərnəklər, tələbə təşkilatları, həmçinin beynəlxalq və yerli layihələr barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, tələbələrin dərslərdən kənar vaxtlarını səmərəli keçirmələri, elmi tədqiqatlara qoşulmaları və intellektual potensiallarını inkişaf etdirmələri üçün bütün imkanlar mövcuddur. Sonda abituriyentlərə xatirə hədiyyələri təqdim olunub, xatirə fotosu çəkdirilib. Bu səmimi görüş bir daha göstərdi ki, Quba filialı hər bir tələbəsinə övlad qədər diqqət göstərən, onları parlaq gələcəyə aparan etibarlı və əlçatan təhsil məkanındadır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?