Abituriyentlər ADPU-nun Quba filialını seçəcəklər

15.07.2024
Abituriyentlər ADPU-nun Quba filialını seçəcəklər

9 iyul 2024-cü il tarixində ADPU-nun Quba filialında qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev son illər Azərbaycanda həyata keçirilən uğurlu dövlət təhsil siyasətindən, Pedaqoji Universitetdə baş tutan müsbət dəyişiklikli islahatlardan bəhs edərək bunun sayəsində də ADPU-nun Quba filialında qazanılan nailiyyətlərdən bəhs etdi. Bildirdi ki, son illər gənclərin təhsilə göstərdikləri maraq daxilində ali təhsilin forma və məzmununda keyfiyyətli dəyişikliklər baş vermişdir. Bunları hər il qəbul imtahanlarında yüksək bal toplayaraq Quba filialını seçən tələbələrin timsalında görmək olar. Sonra cıxışında 2024/2025-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən ADPU-nun Quba filialını seçməkdə qərarlı olan və yüksək bal toplayan gəncləri – Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbinin məzunu Novruzova Nəzrin Dəyanət qızını (610 bal) və Quba şəhər Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin məzunu Əyyubova Həlimə Anar qızını (596 bal), həmçinin onların valideynlərini, məzunu olduqları məktəblərin kollektivini, onlara ali məktəbə hazırlıq prosesində yol göstərən müəllimləri təbrik edib, onlara gələcək tələbə həyatında uğurlar arzulayıb.

Qeyd edib ki, yüksək bal toplamış abituriyentlərin bu uğuru valideynlərin ailədə, müəllimlərin isə məktəbdə yaratdığı sağlam təhsil və tərbiyə mühitinin və onların fədakar əməyinin nəticəsidir. İnanıram ki, ADPU-nun Quba filialının tələbəsi olacaq gənclər bizim universitetdə ölkəmizin uğurlu gələcəyi naminə mükəmməl şəxsiyyət və əsl vətəndaş kimi yetişəcək, üzərinə düşən məsuliyyəti dərk edərək, tədris, tərbiyə proseslərinin tələblərini yerinə yetirəcək, elmi biliklərə yiyələnərək müstəqil Azərbaycanın mənəvi və əxlaqi dəyərlərə malik nümunəvi vətəndaş kimi hər kəsə örnək olacaq.

Dierektor sonda tərbiyəli, savadlı, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsində göstərdiyi faydalı əməyə görə gənclərə, onların ailələrinə və təhsil aldıqları məktəbin müəllimlərinə ADPU-nun Quba filialının professor-müəllim heyəti adından dərin təşəkkür və minnətdarlığını bildirib.

Vurğulayıb ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkələrin təhsil səviyyəsi, xüsusən də ali məktəblərinin inkişafı ilə müəyyən edilir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür. Bu tədbirlərin filialda da həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra qəbul imtahanlarında 610 bal toplayaraq ingilis dili üzrə Xarici dil müəllimliyi ixtisasını seçmək istədiyini bildirən abituriyent Nəzrin Orucova qeyd etdi ki, ADPU-nun Quba filialında mövcud olan Xarici dil müəllimliyi ixtisası onun seçmək istədiyi ixtisasların ən ön sırasında yer alacaq. Çünki son illər Quba filialında əldə edilən uğurlar bütün ixtisasların inkişafında açıq-aydın görünür. Daha sonra qəbul imtahanlarında 596 bal toplamış abituriyent Həlimə Əyyubova ixtisas seçimində ADPU-nun Quba filialındakı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçəcəyini bildirərək, bu ali təhsil müəssisəsinin tələbəsi adını qazanacağından sevinc və qürur hissi keçirəcəyini qeyd etdi.

Sonra abitriyent Nəzrin Novruzovanın valideyni Dəyanət Novruzov çıxış edərək bildirdi ki, həm müəllim kimi, həm də abituriyent hazırlığı ilə məşğul olan insan kimi qeyd edə bilərəm ki, bölgədə yaşayan bütün ailələr, abituriyentlər ADPU-nun Quba filialında oxumağa böyük üstünlük verirlər. Çünki həm burada “yüksək təhsilin əlçatan ünvanı” sloqanı öz təsdiqini tapıb, həm də ailələrin maddi imkanlarının qənaəti baxımından bu təhsil müəsisəsi əvəzedilməzdir.

Daha sonra filialın müvafiq struktur rəhbərləri filialın maddi-texniki bazası, filialda yaradılan şərait, adlı təqaüdlər, ikili tələbə mübadilə proqramları, zəngin kitabxana fondu, tələbə və məzunların uğurları, professor-müəllim heyət, filialda gənclərə rəhbərlik səviyyəsində göstərilən diqqət və qayğı haqqında ətraflı danışıb, məlumat veriblər.

Görüşdən sonra filialla tanışlıq olub və xatirə şəkilləri çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?