
Quba filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü böyük təntənə ilə qeyd olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təntənəli ədəbi-bədii proqram təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev irsində müəllim nüfuzu” mövzusunda ümumi məlumat verilib.
ADPU-nun Quba filialının doktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev əziz bayramları münasibətilə əməkdaşları təbrik edərək vurğulayıb ki, bir müəllimin ölkəyə və xalqa müəllim yetişdirməsi xoşbəxtlik və bəxtəvərlikdir.
Çıxışında ulu öndər Heydər Əliyevin müəllimlər barədə söylədiyi ibrətamiz ifadələri xatırladan direktor əminliklə bildirib ki, yaxın gələcəkdə ADPU-nun Quba filialının yetirmələrinin sədaları daha uca zirvələrdən gələcək.
Rəhbərlik etdiyi təhsil ocağının strateji hədəflərindən bəhs edən dosent Yusif Alıyev qeyd edib ki, magistr təhsili alan filialın məzunlarının sorağının nüfuzlu alim məktəblərdən, eləcə də xarici ölkələrdən eşidilməsi kollektiv əməyin nəticəsidir və hər bir əməkdaşın bundan qürurlanmağa mənəvi haqqı var. ADPU-nun Quba filialında qarşıdakı 2025/2026-cı tədris ili üçün ixtisas seçimində daha böyük cəlbedicilik yaratmaq üçün səylə çalışmaq lazımdır.
Tədbir filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.ü.f.d Aysel Şeydayevanın moderatorluğu ilə davam edib.
Sonra müəllim əməyinin ümummilli sərvət olduğunu tərənnüm edən bədii proqram olub.
Filialın professor-müəllim və tələbə heyətini təmsil edən truppanın nümayiş etdirdiyi səhnəcik hərarətli alqışlarla qarşılanıb.
Xudyar Daşdəmirov, Mələk Bağırova, Samirə Hacıyeva, Nəhayət Şirinova, Nübar Bayramova, Günel Məlikova, Eyvaz Şeydayev, Amaliya Dadaşova, Aytən Seyidova, tələbələr: Şahanə Hüseynova və Günəş İskəndərov səhnəcikdə rola alıblar.
Sonda filialın bir qrup əməkdaşına gənclərin təlim-tərbiyə işlərindəki səmərəli fəaliyyətlərinə, o cümlədən elmi-pedaqoji sahədə nailiyyətlərə görə, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Diplomla təqdim olunub.
P.ü.f.d Aysel Şeydayeva, g.ü.f.d Güləddin Həmzəyev, r.ü.f.d. Elnarə Axundova, f.ü.f.d Vüqar Teymurxanlı, dosentlər – Ağabəy Gülşən və Qulam Əzizov, müəllimlər – İsmət Əhmədov, Kamal Kamalov, Novruz Kərimov və Elbrus Əhmədov təltif olunublar.




















