Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhid Nuran Akif oğlu Mirzəyevin xatirəsinə həsr edilmiş, ADPU-nun Quba filialının Ağsaqqallar Birliyinin sədri Şıxəmməd Seyidməmmədovun müəllifi olduğu “Vətən üçün şəhid oldum” kitabının təqdimat mərasimi olmuşdur.
ADPU-nun Quba filialının təşkilatçılığı ilə keçirilən mərasim iştirakçıları öncə filialda şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriyanı ziyarət edərək onun büstü önünə tər qərənfillər düzmüşlər. Burada xalqımızın qəhrəman övladı haqqında danışılmış, bu auditoriyanın mənəvi ocaq olduğu ifadə edilmiş, şəhidin əziz xatirəsinə ehtiram göstərilmişdir.
Filialın Böyük zalında baş tutan tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyünün bərpa edilməsində canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqlik sükutla yad etmişlər.
Sonra şəhid Nuran Akif oğlu Mirzəyevə həsr olunmuş, eləcə də qəhrəman döyüşçü barədə filialda keçirilən tədbirlərdən bəhs edən video-çarxlar nümayiş etdirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev torpaqlarımızın azadlığı yolunda şəhid olmuş Vətən oğullarının xatirəsinin qədirbilən xalqımız tərəfindən daim uca tutulduğunu xüsusi vurğulamış, şəhid Nuran Mirzəyevin timsalında onların hər birinin qəhrəmanlığının ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, müxtəlif orden və medallarla təltif edildiyini, ailələrinin sosial rifahına çoxşaxəli qayğı ilə yanaşıldığını xüsusi qeyd etmişdir. Döyüşçülərimizin igidliklərinin gənc nəslə örnək olduğundan danışan professor Yusif Alıyev hər bir şəxsin vətənpərvərlik ruhunda böyüməsini arzulamışdır. Şəhid Nuran Mirzəyevin xatirəsinə həsr olunmuş “Vətən üçün şəhid oldum” kitabının bu baxımdan əvəzsiz vəsait olduğunu bildirərək müəllifə – ADPU-nun Quba filialının qocaman pedaqoqu, Ağsaqqallar Birliyinin sədri Şıxəmməd Seyidməmmədova dərin təşəkkürünü bildirmişdir.
Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov, “Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı idarəsinin rəisi Azər Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz Regional şöbəsinin baş əmək müfəttişi Aslan Tahirli, “Gülüstan” ədəbi məclisinin üzvü, şair Səxavət Seyidməmmədov, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin onların qəhrəmanlığına dərin hörmət və ehtiramdan irəli gəldiyini qeyd etmiş, gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunmasının əhəmiyyətini xüsusi vurğulamışlar. Şəhid Nurlan Mirzəyevin xatirəsinə həsr olunmuş “Vətən üçün şəhid oldum” kitabın müəllifi Şıxəmməd Seyidməmmədova dərin təşəkürlərini bildirmişlər.
Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev və anası Təranə Mirzəyeva igid övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu söylərək bu baxımdan həmişə onlara xüsusi qayğı və hörmətlə yanaşan ADPU- nun Quba filialına, şəxsən hörmətli direktor, professor Yusif Alıyevə ailə adından dərin təşəkkürlərini çatdırmışlar.
Şəhid Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva çıxışında dövlətimizin qüdrətindən, Azərbaycan xalqının bütövlüyündən bəhs edərək igid övladlarımızın cəbhədəki qəhrəmanlığının gənc nəsil üçün vətənpərvərlik örnəyi olduğunu diqqətə çatdırıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin dövlətçiliyimiz üçün milli sərvət olduğunu ifadə edən şəhid valideyinləri və digər çıxışçılar əminliklə ifadə ediblər ki, qədirbilən Azərbaycan xalqı və dövlətimiz əbədiyyətə qədər şəhid və qazilərimizin adını uca tutacaq, hər zaman ailələrinin yanında olacaqlar.
Tədbirin davamında tələbələr Günəş İsgəndərovun və Müjdə Nəbilinin ifasında şeirlər dinlənilmişdir.
Tədbirin moderatoru, Filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramova 44 günlük vətən müharibəsində qazanılan rəşadətli Zəfərin bütün istiqamətləri barədə ətraflı məlumat verib, qəhrəman övladlarımıza həsr olunan şeirlər söyləyib.


















