Dekabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbirlər planının yekunu ilə əlaqədar olaraq Quba filialının nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə səfər etmişdir.
Görüşdə AR KM-nin hakimi Fərhad Tutayuk, Aparat rəhbəri Anar Babayev, Aparat rəhbərinin müavini Ziya Qasımov, Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov, Hüquqi təminat və informasiya-kommunikasiya texnologialarının tətbiqi şöbəsinin müdiri Anar Hacızadə, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdirinin müavini İntiqam Eyvazov iştirak edib.
Quba filialının nümayəndə heyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri hüquq elmləri doktoru Fərhad Abdullayevin adından salamlayan AR KM-nin hakimi Fərhad Tutayuk görüş zamanı Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verib.
Görüşdə, həmçinin tədbirin əlamətdar günə təsadüf etdiyi də xüsusi vurğulanıb. Qeyd edilib ki, 24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Çıxış edən natiqlər cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə fəaliyyətində yeni nailiyyətlər arzulayıblar.
Görüşdə Konstitusiyanın dövlətin həyatında rolu, suverenliyin hüquqi əsasları, hüquqi maarifləndirmənin əhəmiyyəti, ali təhsil müəssisələri ilə məhkəmə-hüquq orqanları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra çıxış edən filialın direktoru professor Yusif Alıyev də səmimi qəbula və görüş üçün yaradılan şəraitə görə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri hüquq elmləri doktoru Fərhad Abdullayevə və kollektivinə dərin minnətdarlığını bildirib. Direktor qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm tarixi və siyasi əhəmiyyət daşıyır. Bu qərar həm Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də hüquqi düşüncənin cəmiyyətə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycanın suveren hüquqlarının tam bərqərar olunması, Konstitusiyanın real həyata tətbiqinin bariz nümunəsidir. Professor Yusif Alıyev çıxışının sonunda bildirib ki, hər bir cəmiyyətdə vətəndaş məmnunluğu olduqca vacib meyardır. Bu gün də bizlər üçün Konstitusiya Məhkəməsində belə möhtəşəm ziyarət üçün şərait yaradılması da ölkəmizdə vətəndaş məmnunluğunun bariz nümunəsinin göstəricisidir.
Görüşdə, həmçinin məhkəmənin fəaliyyəti və səlahiyyəti ilə bağlı bir sıra suallar ünvanlanmış və suallar ətrafında müzakirələr aparılmışdır.
Tədbirin sonunda filialın nümayəndə heyəti Konstitusiya Məhkəməsinin inzibati binasında muzey, konfrans və plenium zalları, iş otaqları ilə tanış olub və xatirə şəkilləri çəkdiriblər.

















