Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında keçirilən beynəlxalq təlim-seminarlara qatılan Özbəkistandan olan növbəti nümayəndə heyəti Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbini ziyarət ediblər.Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının məsul əməkdaşları Özbəkistan heyətini müşayiət ediblər.
Əvvəlcə qardaş ölkənin pedaqoqlarını milli geyimli, əllərində iki qardaş ölkənin dövlət bayraqları ucalan şagirdlər və məktəbin əməkdaşları qarşılayıblar. Filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədovsnı və qonaqları səmimiyyətlə qarşılayan Məktəb direktoru Sevil Allahverdiyeva rəhbərlik etdiyi nümunəvi təhsil ocağı barədə ətraflı məlumat verib, əməkdaşlığa görə filialın direktoru professor Yusif Alıyevə təşəkkür ünvanlayıb.
Məktəblə ümumi tanışlıqdan sonra heyət qruplar şəklində dərs prosesini, həmçinin praktik tədrisləri izləyib, maraq dairələrinə aid sualları müəllim və şagirdlərə ünvanlayıblar.
Özbək qonaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadət barədə xoş sözlər ifadə ediblər. Tarixi zəfər türk dünyasının milli-mənəvi dəyəri kimi dəyərləndirilib.
Xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Təlim və Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda Özbəkistan olan ikinci pedaqoji heyət üçün təlim-seminarlar keçirilib.












