Pedaqoji Universitetin Quba filialında xarici pedaqoqlar üçün növbəti təlim-seminarlar keçirilir

29.12.2025
Pedaqoji Universitetin Quba filialında xarici pedaqoqlar üçün növbəti təlim-seminarlar keçirilir

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Təlim və Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” adlı növbəti beynəlxalq təlim-seminarların açılış mərasimi keçirilib.
Açılış mərasimindən əvvəl qonaqlar filialla tanış olub. Filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədova tərəfindən Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi, burada olan stend və guşələr, kitab və eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib.
Açılış mərasiminin əvvəlində tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev təlim-seminarlarda iştirak etmək üçün təşrif buyuran özbəkistanlı qonaqları salamlayıb, qeyd edib ki, iki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və iki qardaş xalqın istəyi birləşdirir. Bu gün iki ölkə arasında təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərlə bərabər təhsil və elm sahəsində çalışan alimlərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Təsadüfi deyil ki, təkcə elə son bir ildə Quba filialı dost ölkədən 200 nəfərlik bir böyük nümayəndə heyətini qarşılayıb, inkluziv təhsil sahəsində qarşılıqlı təhsil təcrübə mübadiləsi aparıb. Direktor həm də qeyd edib ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alır. O cümlədən dost ölkə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə də çox böyük töhfələr vermişdir.
Sonra Özbəkistanın Fərqanə vilayəti Furqat Rayon məktəbəqədər və məktəb təhsili şöbəsinin müdiri Ortiqov Muhammadjon, Fərqanə vilayəti Altıarıq Rayon Prezident Məktəbinin direktoru Rahimov Hamidjon, ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı v.m.i.edən Nübar Bayramovanın çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluq və qardaşlıq münasibətlərinin bütün türk dünyası üçün əhəmiyyətli olan fəaliyyətlərindən bəhs olunub. Təhsil sahəsindəki əlaqələrin ümumi əhəmiyyəti tarixi missiya olaraq dəyərləndirilib.Tədbirdə həmçinin tələbələrin ifasında özbək dilində şeir və rəqs nümunələri səsləndirilib.
Rəsmi açılışın aparıcısı filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədova təlim-seminarların gündəliyi barədə ətraflı məlumat verib.
Tədbirdə həmçinin qardaş Özbəkistandan olan nümayəndə heyəti tərəfindən filial rəhbərliyinə və kolleltivə simvolik hədiyyələr təqdim edilib.
Açılış mərasimindən sonra təlim-seminarlar öz işinə başlamışdır.
Qeyd edək ki, seminarları ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova aparır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?