Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında keçirilən beynəlxalq təlim-seminarlara qatılan Özbəkistandan olan növbəti nümayəndə heyəti Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbini ziyarət ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının məsul əməkdaşları Özbəkistan heyətini müşayiət ediblər.
Məktəbin həyətində qardaş ölkənin pedaqoqlarını milli geyimli, əllərində iki qardaş ölkənin dövlət bayraqları ucalan şagirdlər və məktəbin əməkdaşları qarşılayıblar.
Məktəb direktoru Sevil Allahverdiyeva rəhbərlik etdiyi nümunəvi təhsil ocağı barədə ümumi məlumat verib.
Sonra şagirdlər Azərbaycan və Özbək dillərində ölkələrimizin və xalqlarımızın dostluğunu tərənnüm edən şeirlər söyləyiblər.
Məktəbin əsas binasının girişindəki foyedə qurulmuş tablo və lövhələrdəki məzmunlarla qonaqlar tanış edilib.
Bundan əvvəl Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbini ziyarət edən Özbəkistan heyəti məktəbə ölklərində istehsalı olan parçalar hədiyyə etmişlər. Məktəbin yuxarı sinif şagirdləri tikiş emalatxanasında aşağı sinif şagirdləri üçün geyimlər tikiblər. Budəfəki ziyarətdə şagirdlər özbəkistanlı qonaqları məhz həmin geyimlərdə qarsalayıblar. Olduqca duyğusal mənzərə yaşanıb. Özbək pedaqoqlar həm tikiş emalatxanasının işlərinə həsəd ediblər, həm də mövcud təcrübənin öyrənilməsi üçün maraqlarını ifadə ediblər.
Birinci və ikinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərən şəhidlərimizin həyat yolu, həmçinin məktəbin strukturu ilə tanışlıq olub. Buradakı müasir təhsil şəraiti, o cümlədən zəngin kitabxana, laboratoriya və toplantı salonları, ən müasir texnika və avadanlıqlarla təmin olunan siniflər qonaqları heyran edib.
Şagirdlərin əl işləri, o cümlədən düzəltdikləri texniki avadanlıqlara baxış keçirilib.
Uşaqların Azərbaycan və Özbək xalq mahnılarının sədaları altında rəqsləri qonaqlarda böyük heyranlıq yaradıb.
Direktor Sevil Allahverdiyeva rəhbərlik etdiyi təhsil ocağı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə əməkdaşlıq əlaqələri barədə müfəssəl məlumat verərək, ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevə minnətdarlığını ifadə edib.
Məktəblə ümumi tanışlıqdan sonra heyət qruplar şəklində dərs prosesini, həmçinin praktik tədrisləri izləyib, maraq dairələrinə aid sualları müəllim və şagirdlərə ünvanlayıblar.
Özbək qonaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadət barədə xoş sözlər ifadə ediblər. Tarixi zəfər türk dünyasının milli-mənəvi dəyəri kimi dəyərləndirilib.
Burada qardaş ölkədən olan heyətə məlumat verilib ki, Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbindəki yüksək şərait ümummilli lider Heydər Əliyevin uzaqgörən təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Bu məktəbdəki öyrətmək və öyrənmək mühiti nümunəvi olmaqla bərabər dinamik inkişafdadır.
Qardaş ölkə pedaqoqları məktəbin idarəetmə prinsipləri, buradakı yeniliklər, şagirdlərin yüksək texnologiyalara sahib olmaq qabiliyyəti kimi amillərlə dərindən maraqlanıblar. Onların bütün sualları müəllim və mütəxəssislər tərəfindən cavablandırılıb.
Xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Təlim və Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda Özbəkistan olan ikinci pedaqoji heyət üçün təlim-seminarlar keçirilib.















