Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi Zəminə Qayıbxanovanın “Tarix müəllimliyi” ixtisası üzrə TM 2201 qrupunda “Tarix fənninin müasir innovativ texnologiyaları” fənnindən “açıq dərs”i keçirilmişdir. Əvvəlcə müəllim dərsin mövzusu – “Tarixin tədrisində kompyuterdən, İKT-dən – informasiya kommunikasiya texnologiyalarından istifadə” barədə tələbələrə məlumat vermişdir. Muhazirənin motivasiya mərhələsində müəllim BİBÖ (fəal/interaktiv təlim) üsulunu tətbiq edərək, bu üsülun vasitəsilə tələbələri tarix dərslərində, ümumilikdə tədrisdə İKT- nin tətbiqi ilə bağlı hansı nəzəri biliklərə malik olduqlarını, yəni nəyi bilirəm və nəyi öyrənmək istəyirəm kimi suallarla dərsə istiqamətləndirmişdir. Qeyd etmişdir ki, hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır və sonrakı illərdə ali məktəbdə daha yüksək səviyyəyə çatdırılır.
Hazırda İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyduğunu diqqətə çatdıran Baş müəllim Z.Qayıbxanova həmçinin bildirmişdir ki, müəllimlərin təkcə öz seçdikləri elm sahəsi üzrə deyil, həm də informasiya texnogiyalarına yiyələnmək və ondan istifadə istiqamətində yenidən təlim alması, zəruri bilik və bacarıqlara yiyələnməsi olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur. Bu, tarix fənninin tədrisində müasir innovativ texnologiyalardan istifadə edəcək gələcək tarix müəllimləri üçün də olduqca vacibdir.
Məhz bu kimi müasir təlim texnologiyarından istifadə olunmaqla keçən dərs tələbələrlə qarşılıqlı diskussiya şəklində başa çatmışdır. “Açıq dərs”i izləyən Humanitar elmlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir (Şahtaxtı) Hacıyev dərs prosesindən müəllimin tədris metodundan, habelə tələbələrin ümumi fəallığından razı qaldığını ifadə etmişdir.










