4 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Görüşün əsas məqsədi sosial dəstək, hüquqi maarifləndirmə, ictimai əməkdaşlıq və qarşıdakı dövrlərdə fəaliyyətlərin koordinasiyasına dair birgə memorandumun hazırlanması və razılaşdırılması olub. Təşəbbüs şəhid ailələrinə göstərilən diqqətin artırılması və regionda mediasiya mədəniyyətinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib.
Tədbirdə “Vətən Naminə” İB-nin sədri Tünzalə Abduləlimova, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev, Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba Rayon Təşkilatının, Quba rayon Heydər Əliyev Mərkəzinin, ADPU-nun Quba filialının və digər qurumların nümayəndələri çıxış edərək qurumların fəaliyyətini yüksək dəyərləndirib və birgə əməkdaşlıq üçün təkliflər səsləndiriblər.
Tədbirin fəxri qonağı — tanınmış şair və publisist, AYB Quba bölməsinin sədri Ramiz Qusarçaylı şəhidlərin xatirəsinə ehtiramın hər bir vətəndaş üçün mənəvi borc olduğunu vurğulayaraq təşkilatlara uğurlar arzulayıb.
Qeyd edək ki, tədbirdə filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva, İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri baş müəllim Yusif Abayev iştirak edib. Direktor müavini A.Şeydayeva çıxış edərək filialın direktoru professor Yusif Alıyevin səmimi salamlarını çatdırıb, onun universitet rəhbəri kimi Qubada keçirilən belə əhəmiyyətli tədbirlərə hər zaman yaxından dəstək verdiyini vurğulayıb.
Sonda tərəflər arasında birgə əməkdaşlıq Memorandumu rəsmi şəkildə imzalanıb, iştirakçılar xatirə fotosu çəkdiriblər. Qonaqlar tədbirin yüksək səviyyədə təşkili və yaradılan şəraitə görə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə təşəkkürlərini bildiriblər. Görüş qarşılıqlı hörmət və əməkdaşlıq mühitində keçib və gələcək birgə fəaliyyət üçün müsbət perspektivlər formalaşdırıb.











