Pedaqoji Universitetin Quba filialında Beynəlxalq Müəllimlər Günü münasibətilə alman professor Holm Altenbaxla görüş keçirilib

08.10.2025
Pedaqoji Universitetin Quba filialında Beynəlxalq Müəllimlər Günü münasibətilə alman professor Holm Altenbaxla görüş keçirilib

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında “Elmi-tədqiqatlarda keçən şərəfli müəllim ömrü: professor Holm Altenbax” mövzusunda tədbir keçirilib.
Tədbirdə Almaniyanın Otto fon Gerike adına Maqdeburq Universitetinin professoru, dünya şöhrətli mexanika alimi, “Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru Holm Altenbax geniş məruzə ilə çıxış edib.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucalan abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər düzülüb, Ulu Öndərin əziz xatirəsinə ehtiram göstərilib.
Daha sonra universitetin əsas tədris korpusuna baxış olub və qonaqlar 44 günlük Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin adını daşıyan auditoriyanı ziyarət ediblər. Şəhidin büstü önünə gül-çiçək düzülüb. Filologiya kafedrasının baş müəllimi Rahib Sədullayev auditoriyanın şəhidlərin xatirəsinə həsr olunması barədə məlumat verib.
Alman alim tələbələrin suallarını cavablandırıb, Azərbaycanda formalaşan ilk xoş təəssüratlarından bəhs edib.
Məhz bu auditoriyada ingilis dili ixtisası üzrə dərs aparıldığı vaxt professor Altenbax tələbələrlə görüşüb. Alim ona ünvanlanan “Siz gənclərə hansı tövsiyəni verərdiniz?” sualına təsirli cavab verib: “Mühüm məsləhətim budur ki, daim bilik əldə edin. Təhsilə və elmə üz tutun. Çünki gələcəkdə ən çox ehtiyac duyulan insanlar savadlı, bilikli gənclər olacaq. Bu gün dünyada təhsilli insanların sayı yetərli deyil.”
Bunun ardınca filialın əsas korpusunun böyük foyesində təşkil edilən kitab stendləri ilə tanışlıq olublar. Onlardan birində yalnız filialın əməkdaşlarının yaradıcılıq nümunələri sərgilənir. Yazıçı-publisist Sabir Şahtaxtı İstanbulda ingilis dilində nəşr olunan “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” kitabını qonaqlara hədiyyə edib. Qeyd olunub ki, Azərbaycanda nifrət nitqi qadağandı. Tarixi həqiqətləri olduğu kimi qələmə almaq isə hər bir tədqiqatçının və elmin qarşısında duran mühüm vəzifədir.
Şəhid ailələri, rayon ictimaiyyətinin tanınmış simaları, rəsmi şəxslər, professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbir filialın akt zalında davam edib.
İlk olaraq ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Almaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Professor Holm Altenbaxın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra çıxışlar başlayıb.
Professor Altenbax öz elmi yolundan, mühəndislik və mexanika sahəsindəki fəaliyyətindən, rəhbərlik etdiyi layihələrdən danışıb. O bildirib ki, indiyədək onun rəhbərliyi altında 59 doktorant müdafiə edib. “Elm dövlətin ən önəmli dayaqlarından biridir.” – deyə vurğulayıb.
Tədbirin ən yaddaqalan hissələrindən biri tələbələrin və qonaqların professor Holm Altenbaxa ünvanladıqları suallar oldu. Şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanım Abduləlimova alimin Azərbaycandakı təəssüratları ilə maraqlandı. Professor ölkəmizin mehriban insanlarının və zəngin mətbəxinin, həmçinin gözəl təbiətinin və təmiz havasının onda dərin təəssürat yaratdığını qeyd etdi.
Daha sonra tanınmış ictimai xadim İndira Şəmsivari süni intellektin cinayətlərdə istifadə edilməsinin qarşısının alınması mövzusunda sual verdi. Alman alimi vurğuladı ki, hər bir elmi nailiyyətin müsbət tərəfləri ilə yanaşı, mənfi istifadəsi də mümkündür və buna görə alimlər yaratdıqları yeniliklərlə bağlı böyük məsuliyyət daşıyırlar.
Professorun həyat yoldaşı Nataliya Altenbax da söz alaraq mühəndislik sahəsindəki fəaliyyəti, pedaqoji təcrübəsi və həyat yoldaşı ilə birgə 30-dan çox ölkədə keçirdikləri elmi tədbirlər haqqında məlumat verib.
AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxışında pedaqogikanın cəmiyyətdəki roluna toxunaraq qeyd edib ki, müəllimlər gələcəyin formalaşdırılmasında əvəzsiz missiya daşıyırlar.
Sonra Filologiya kafedrasının baş müəllimi Rahib Sədullayev tribunaya qalxaraq alman professorla elm, gənclik və beynəlxalq əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıb.
Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq bölgədə təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev isə tədbirin əhəmiyyətini vurğulayaraq deyib: “Bizim üçün böyük şərəfdir ki, elm dünyasında öz sözünü demiş belə bir görkəmli alimlə tanış olmaq, onun fikirlərini dinləmək imkanımız var. Bu, bizim müəllim və tələbələrimiz üçün nadir fürsətdir. Amma eyni zamanda mən hesab edirəm ki, professor Altenbax üçün də bu gün xüsusi gündür. Çünki onu burada, bu zalda şəhid ailələri dinləyirdi – Azərbaycanın qəhrəman övladlarını böyütmüş insanlar.”
Professor Yusif Alıyev həmçinin tədbirin təşkilinə dəstək göstərmiş görkəmli alim professor Abdulla Aveyə və bu səfərin reallaşmasına töhfə vermiş Mexanika Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi Emin Bağırova xüsusi minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində professor Yusif Alıyev professor Holm Altenbaxa dünya elminin inkişafında və Quba bölgəsində elmi əməkdaşlıqların genişlənməsindəki xidmətlərinə, həmçinin filial ilə təhsilin inkişafı istiqamətində qarşılıqlı münasibətlərə verdiyi töhfələrə görə, Fəxri diplom təqdim edib. Alman alimə Azərbaycanın simvollarını əks etdirən xatirə hədiyyələri də təqdim edilib. Onların arasında Quba rayonunun rəmzi olan qırmızı alma suveniri də olub.
Professor Yusif Alıyev, həmçinin, müəllifi olduğu “Bərk cisimlər fizikası” kitabını qonağa hədiyyə edib. Fəxri diplom və suvenirlərə görə minnətdarlığını ifadə edən professor Altenbax, hədiyyə olunan nəşrləri böyük qənimət kimi dəyərləndirib və “Bərk cisimlər fizikası” kitabın ingilis dilinə tərcümə olunaraq beynəlxalq səviyyədə nəşr edilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının kollektivinə məxsus nəşrlərlə tanış olduğunu və bu yaradıcılıq nümunələrinin onda qonaq olduğu təhsil ocağı barədə kifayət qədər yüksək fikir formalaşdırdığını ifadə edib.
Məlumat verilib ki, filialın Filologiya kafedrasının baş müəllimi Sərxan Cəfərov Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Direktor Yusif Alıyev bu münasibətlə filialın ən təcrübəli və məsuliyyətli müəllimlərindən olan Sərxan Cəfərovu böyük səmimiyyətlə təbrik edərək onun uzunmüddətli pedaqoji fəaliyyətini və təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
Tədbirdə həmçinin ADPU-nun Quba filialının bir qrup əməkdaşlarına Müəllimlər Günü münasibətilə Fəxri fərmanlar təqdim olunub.
Mərasimin bədii hissəsində Azərbaycan mahnıları ifa olunub, filialın tələbəsi Günəş İskəndərov müəllimlərə həsr etdiyi öz şeirini səsləndirib. Daha sonra sevilən müğənni Əlövsət Səlimov Azərbaycan milli mahnılarını ifa edib.
Müğənni Əlövsət Səlimov 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə kollektivə səmimi təbriklərini çatdırıb.
Ardınca milli rəqslər ifa olunub, ənənəvi Azərbaycan rəqsi izlənilib.
Filial əməkdaşları və qonaqların musiqi sədaları altında birgə rəqsi hərarətli alqışlarla qarşılanıb.
Görüş iştirakçıları tədbirin həm Müəllimlər Gününün yüksək səviyyədə qeyd olunması, həm də Azərbaycan və Almaniya alimləri arasında yeni elmi əməkdaşlıq körpüsünün qurulması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Professor Altenbaxın elmə, gənclərə və müəllimliyə verdiyi dəyər tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Professor Holm Altenbax Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialın Xatirə kitabına ürək sözlərini yazıb.
Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan çoxşaxəli təhsil strategiyasının Prezident tərəfindən uğurla davam etdirilməsinin yüksək nəticələri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan-Almaniya münasibətlərində təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də hər zaman prioritet olub. Diqqətə çatdırılıb ki, son illər Almaniyanın ali təhsil müəssisələrində təhsil alan, həmçinin bu cəmiyyətdə intellektual əməyə inteqrasiya edən azərbaycanlı gənclərin sayı sürətlə artmaqdadır. Bu mühüm amillər iki dost ölkə arasında qarşılıqlı faydalı münasibətlərin daha dinamik inkişafına müstəsna təsir göstərir.
Görüş xatirə şəkilinin çəkilməsi ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?