Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında ənənə halını alan tələbələrlə motivasiya xarakterli növbəti görüş təşkil olunub. Növbəti belə tədbir digər Azərbaycan universitetlərində təhsil alaraq Quba filialına 2025/2026-cı tədris ili üzrə köçürülən tələbələrlə baş tutub.
ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi, professor Yusif Alıyevlə tələbələrin görüşündə filialın struktur rəhbərləri iştirak ediblər.
Professor Yusif Alıyev çıxışında ADPU-nun Quba filialında təhsil almağın şərəfli olduğu kimi böyük məsuliyyətli olduğunu da vurğulayıb. Pedaqoji Universitetin Quba filialının qazandığı möhtəşəm uğurlardan və hədəflərdən danışan direktor seçimləri münasibətilə tələbələri təbrik edərək, onların gələcək təhsil fəaliyyətlərinin uğurlu olacağına inandığını qeyd edib. Direktor vurğulyıb ki, hər bir valideynin arzusu övladına yüksək təhsil vermək olduğundan bu ibrətamiz yanaşma Azərbaycan ailəsi üçün gözəl ənənə, milli dəyərdir. Gənclərin müasir təhsilin sirlərini dərindən mənimsəməsi üçün “Yüksək təhsilin əlçatan ünvanı!” olan Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında bütün şərait yaradılıb.
Tələbələr tövsiyələrini çatdıran professor Yusif Alıyev deyib: ”Yeni nəsil gənclərin təhsil sisteminə qazandırdığı dinamikanın və müasir biliklərə açıq olma meyilləri ölkəmizin intellektual potensialını sürətlə möhkəmləndirir. Müasir elmin sirlərini mənimsəmək gənc nəsil üçün vətən və dövlətə xidmət baxımından yeganə düzgün yoldur”.
Tələbələrin sosial vəziyyətləri, təhsil aldıqları digər Azərbaycan universitetlərindəki təhsil nailiyyətləri, şəxsi inkişafları üçün atılan addımlarla maraqlanan direktor tələbələrlə motivasiya xarakterli söhbət apararaq, ali təhsilin yalnız bilik əldə etməklə məhdudlaşmadığını, eyni zamanda şəxsiyyət formalaşdıran mühüm proses olduğunu bildirib. Bu kontekstdə ADPU-nun Quba filialının sosial media fəaliyyətinin, gənclərin ilham mənbəyi olan media resursları və kommunikasiya platformalarının düzgün istifadəsinin önəmi vurğulanıb, buna müvafiq öz tövsiyə və tapşırıqlarını verib. Gənclərlə tanışlıq mərasimi isə görüşün mühüm məqamlarından biri olub”.
Tələbələr ayrı-ayrılıqda təhsil və karyera planları, gələcək arzuları barədə geniş məlumat veriblər.
Sonda xatirə fotosu çəkdirilib.







