Quba filialında Keyfiyyət Komissiyasının iclası keçirilib

11.07.2025
Quba filialında Keyfiyyət Komissiyasının iclası keçirilib


ADPU-nun Quba filialında direktor yanında fəaliyyət göstərən Keyfiyyət Komissiyasının iclası keçirilib. İclasın gündəliyində əsas məsələ “İnstitusional akkreditasiya meyarlarının təhlili və filialda mövcud vəziyyətin dəyərləndirilməsi” olub.
İclası giriş sözü ilə Keyfiyyət Komissiyasının sədri, professor Yusif Alıyev açaraq iclasın əhəmiyyətini vurğulayıb,bildirib ki, institusional akkreditasiya prosesi ali təhsil müəssisələrinin fəaliyyətində şəffaflıq, məsuliyyətlilik və davamlı inkişaf prinsiplərinin təmin olunması baxımından mühüm rol oynayır. Bu istiqamətdə filialda görülən işlərin təhlili, güclü və inkişaf etdirilməli sahələrin müəyyənləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.
Gündəlikdə duran məsələ ilə bağlı Komissiyanın sədr müavini, Keyfiyyətin təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva geniş təqdimatla çıxış edib. O, hər bir meyar üzrə tələbləri ətraflı şəkildə şərh edərək filial üzrə ilkin özünüqiymətləndirmə nəticələrini təqdim edib, mövcud vəziyyətin obyektiv təhlilinə əsaslanan güclü və zəif cəhətləri diqqətə çatdırıb. Eyni zamanda, akkreditasiya prosesinə hazırlıq çərçivəsində qarşıda duran vəzifələr və inkişaf istiqamətləri barədə tövsiyələr səsləndirilib.
İclasda maraqlı tərəf kimi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova da iştirak edib. Komissiyanın üzvü qismində çıxış edən Aynurə xanım filial ilə regional təhsil idarəsi arasında əməkdaşlığın əhəmiyyətindən söz açaraq bu istiqamətdə mövcud imkanları və birgə fəaliyyət perspektivlərini diqqətə çatdırıb.
Qeyd olunmalıdır ki, Keyfiyyət Komissiyasının tərkibində təhsilalanların, işəgötürənlərin və digər maraqlı tərəflərin təmsil olunması qərarların daha geniş prizmadan qiymətləndirilməsinə və müxtəlif baxış bucaqlarının nəzərə alınmasına şərait yaradır.
İclas zamanı akkreditasiya meyarlarının hər biri üzrə mövcud vəziyyət ətraflı şəkildə müzakirə olunub, filial üzrə daxili qiymətləndirmə materialları təqdim edilib və qarşıda duran hədəflər müəyyənləşdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?