21–22 iyun 2025-ci il tarixlərində Şəki şəhərində Azərbaycanın bədii-ictimai fikir tarixinə silinməz izlər buraxan görkəmli şair və ictimai xadim, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “7-ci Beynəlxalq Bəxtiyar Vahabzadə: Türk Dünyası – Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı” keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilən bu mötəbər elmi tədbirdə Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının tanınmış alimləri iştirak ediblər.
Konfransdan öncə qonaqlar Şəkidə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra Şəki Heydər Əliyev Mərkəzinin foyesində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin stendlə tanış olublar.
Qeyd edək ki, konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə, bir sıra elmi və təhsil qurumlarının tərəfdaşlığı çərçivəsində keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova yubileyin əhəmiyyətindən bəhs edərək, Bəxtiyar Vahabzadənin yaradıcılığını Azərbaycan və Türk dünyası ədəbiyyatının ortaq mənəvi sərvəti kimi qiymətləndirib. O qeyd edib ki, Vahabzadənin ideyaları bu gün də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Professor Mahirə Hüseynova həmçinin ADPU-da Bəxtiyar Vahabzadə irsinin tədqiqinə göstərilən diqqətdən və bu istiqamətdə görülən elmi-pedaqoji işlərdən danışıb.
Konfransın digər çıxışçıları sırasında ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev də yer alıb. O, çıxışında Bəxtiyar Vahabzadənin milli özünüdərk, vətənə sədaqət və ana dilinə bağlılıq ideyalarının gənc nəsil üçün əhəmiyyətini vurğulayıb və ADPU-nun Quba filialında bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən söz açıb.
Konfrans öz işini 11 ölkədən 200-dən çox tədqiqatçının iştirakı ilə üz-üzə və onlayn formatda bölmə iclasları ilə davam etdirib. Müzakirələr zamanı şairin zəngin yaradıcılığı, milli mədəniyyət və ədəbiyyata verdiyi töhfələr elmi müstəvidə təhlil olunub.
Sonda mədəniyyət nümayəndələrinin iştirakı ilə zəngin musiqi proqramı təqdim edilib.
ADPU-nun Quba filialının nümayəndələri p.f.d. Pərvanə Rzayeva, p.f.d. Lətifə Cəlilova, Aygün Şıxbabayevanın, Nəhayət Şirinova və Lalə Beydullayevanın da fəal iştirakı ilə müşayiət olunan bu beynəlxalq tədbir, ali təhsil müəssisəsinin elmi ictimaiyyətlə sıx əməkdaşlığının və milli-mənəvi dəyərlərin təbliğindəki fəal mövqeyinin bariz nümunəsi oldu.





















