17 iyun 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan
Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində görkəmli şair, AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylının
“Vətən” poemasında dil məsələləri” adlı elmi təqdimat keçirilib.
Təqdimatdan əvvəl filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Ramiz Qusarçaylının və Azərbaycan mütəfəkkirlərinin qiymətli əsərlərindən hazırlanmış kitab sərgisinə baxış keçirilmişdir.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Azərbaycan bayrağını” qürurla dalğalandıran “Vətən” adlı video-çarx nümayiş etdirilib, şair Ramiz Qusarçaylının Azərbaycan Bayrağına şeiri səsləndirilib
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru,
professor Yusif Alıyev qonaqları salamlayıb, filial üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıb, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə görüşün təşkilində göstərdiyi köməkliyə görə təşəkkür edib, AMEA-nın Dilçilik İnstitutun baş direktoru professor Nadir Məmmədlinin hər sözünü gənclər üçün ustad dərsi səviyyəsində qiymətləndirib. Bildirib ki, professor Nadir Məmmədli uzun illərdir ki, Azərbaycan dilinin tarixi, strukturu, funksional üslubları və müasir çağırışları istiqamətində sanballı elmi araşdırmalar apararaq milli dil siyasətinin formalaşmasında mühüm rol oynamışdır. Daha sonra görkəmli şair Ramiz Qusarçaylının Vətən poemasının yazılması ilə bağlı xoş xatirələrini bölüşüb. Filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil edilən tədbirdə professor Yusif Alıyev bildirib ki, Azərbaycan poeziyasının tanınmış siması, vətənpərvər şair, xalq ruhunun tərənnümçüsü Ramiz Qusarçaylının “Vətən” poemasında dil məsələlərinə həsr olunmuş bu dəyərli tədbir “Vətən” poemasının həm bədii-estetik yükünə, həm də dilin zəngin ifadə imkanlarına görə diqqətəlayiqdir. Ramiz Həmzəyev ana dilimizi təkcə poeziyanın daşıyıcısı deyil, eyni zamanda bir milli dəyər kimi yaşadır. Onun poetik dili xalq danışığından, folklordan, milli təfəkkürdən qidalanır və bu da əsərin oxucu ilə təbii ünsiyyətini təmin edir. Bu poemada dil sadəcə vasitə deyil, bir ruhdur, bir kimlikdir.
Tədbirin gedişatında çıxış üçün söz Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasovaya verilib. Qonaqları Quba RİH başçısı İlqar Mahmudovun adından salamlayan Səidə Abasova Vətən poemasının milli-mənəvi dəyərimizə çevrilməsindən bəhs etmişdir.
Daha sonra çıxış üçün kürsüyə AMEA-nın Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli dəvət olunmuşdur. Professor Nadir Məmmədli çıxışında bu dəyərli tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu bildirib, göstərilən dəvətə və yüksək qonaqpərvərliyə görə ADPU-nun Quba filialının rəhbərliyinə, xüsusilə dəyərli elm adamı, ziyalı, təşkilatçı və rəhbər Yusif Alıyevə dərin təşəkkürünü bildirib. Bu günki tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış siması, müasir poeziyamızın səsi və nəfəsi olan Ramiz Qusarçaylının “Vətən” poemasının dil və üslub xüsusiyyətləri üzərində dayanmaq, bu əsərin bədii dəyərini dilçilik prizmasından qiymətləndirməyi olduqca yerində və vacib təşəbbüs kimi qiymətləndirib. Professor Nadir Məmmədli həm də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb, dəyərli akademikin Azərbaycan dilinin qorunmasındakı və dilçiliyimizin inkişafındakı hər məsələdə xüsusi diqqət ayırmasını, dəstəyini qeyd edib.
Çıxış üçün kürsüyə Vətən naminə İctimai Birliyinin sədri, Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova dəvət edilib. Çıxış edən şəhid anası “VƏTƏN” poemasının şəhidlərimizin ruhuna olan ən gözəl ithaf kimi dəyərləndirmiş və görkəmli şair, poemanın müəllifi Ramiz Qusarçaylını Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif etmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə də öz təşəkkürlərini ifadə etmişdir.
Daha sonra Quba Rayon Statistika şöbəsinin müdiri, şair Sahib Məmmədov, filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva, baş müəllim filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, filologiya kafedrasının baş müəllimi Rahib Alpanlının çıxışları dinlənilmiş, filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramova və filialın II tədris ili tələbəsi Günəş İskəndərovun təqdimatında “VƏTƏN” poemasından parçalar səsləndirilmişdir.
Sonda kürsüyə dəvət olunan görkəmli şair, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı hər kəsi salamlamış, “VƏTƏN”poemasının fəlsəfəsindən ilhamlanan çıxışçılara, dəyərli qonaqlara, tədbirin ərsəyə gəlməsində müstəsna rolu olan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə, eləcə də əməyi keçən hər kəsə, tədbirdə iştirak edən qazilərə və şəhid ailələrinə, qonaqlara öz təşəkkürlərini ifadə etmişdir.
Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının qərarı ilə AMEA-nın Dilçilik İnstitutunun baş direktoru, AYB-nin və AJB-nin üzvü, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Azərbaycanda dilçilik elminin inkişafındakı müstəsna xidmətlərinə və ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığına görə və tanınmış şair, Vətən poemasının müəllifi, AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsi işində,, Azərbaycan tarixinin nəzmə çəkilməsi və tanıdılması istiqamətindəki müstəsna xidmətlərinə və ADPU-nun Quba filialı ilə yaxından əlaqəsinə görə Fəxri Diplomla təltif edilmişdir.
Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə keçirilmişdir.
Tədbirin sonunda filialın əməkdaşları dosent Gülşən Ağabəy, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın sualları cavablandırılmışdır.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə sona çatmışdır.




























