Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə ictimai-ideoloji tədbir təşkil olunub.
Heydər Əliyev Lektoriyasında təşkil edilən tədbirdə rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri, professor, müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib.
Sonra müasir, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin eləcə də ərazi bütövlüyümüz, torpaqlarımızın azadlığı, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası yolunda canından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Fondunun efir əsəri olan “İz” filminin nümayişindən sonra çıxışlar başlanıb.
Pedaqoji Universitetin Quba filialının direktoru, Qabaqcıl Təhsil İşçisi, professor Yusif Alıyev çıxışında Azərbaycanın dövlətçilik tarixi, bu sahədə ənənələrin formalaşması, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik quruculuğu istiqamətində həyata keçirdiyi çoxşaxəli yeniliklərdən bəhs edərək diqqətə çatdırıb ki, Ulu Öndərimizin böyük dühası və zəngin dövlətçilik təcrübəsi Azərbaycanda müasir dövlət modelinin təməl prinsiplərini formalaşdırıb və inkişaf etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Zəfər və sonrakı uğurlar Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərininr real nəticəsidir. Çünki ümummilli lider Heydər Əliyev dövlətçilik prosesində milli ordu quruculuğuna xüsusi diqqət vermişdir ki, Prezident İlham Əliyevin bu strategiyanın böyük müdrikliklə davam etdirib. Direktor qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın milli dövlətçilik tarixində yeni başlanğıcın şərəf nöqtəsidir.
Millət Vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov çıxışında iştirakçıları səmimiyyətlə salamlayaraq milli qurtuluş tariximizin Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətçiliyimizin möhkəmlənməsində misilsiz rol oynadığını vurğuladı. Millət vəkili bildirib ki, 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, ölkəni anarxiyadan, parçalanmadan xilas edərək sabitlik və inkişaf yoluna çıxardı.
Millət vəkili çıxışı zamanı həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında həyata keçirilən məqsədyönlü fəaliyyətlərə də xüsusi diqqət yetirərək bildirdi ki, ADPU-nun Quba filialı regionda təhsilin keyfiyyətinin artırılması, milli dəyərlərimizin təbliği, şəhid ailələri və qazilərə xüsusi diqqət və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində çox yüksək nəticələr əldə etmişdir.
Vətən Müharibəsi Şəhidi Seymur Qocayevin anası Rəsmiyyə Qocayeva çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun ünvanına xoş sözlərini çatdırıb. Qəhrəman ananın “Tanrı Prezidentimizi, Tanrı Ordumuzu qorusun”,- sözləri hərarətli alqışlarla qarşılanıb.
ADPU-nun Quba filialının müəllimi, Əməkdar Mədəniyyət İşçisi, Prezident mükafatçısı Elza Orucova və İctimai elmlər kafedrasının müdiri v.m.i.e, filialın strateji məsələlər üzrə mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) çıxışlarında 15 İyun – Milli Qurtuluş Gününün tarixi, milli təqvimimizə əzəmət verən bu günün siyasi-mənəvi mahiyyətindən bəhs ediblər.
Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova 15 İyun – Milli Qurtuluş Gününün tarixi və milli dəyərlərimizin inkişafına təsiri ilə bağlı geniş məlumat verib.
Sonra xatirə şəkili çəkdirilib.








