
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşları Türkiyənin Niğdə Ömər Halisdəmir Universitetində keçirilən XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak ediblər
Simpozium Niğdə Ömər Halisdəmir Universiteti (Türkiyə), Kazak Milli Qızlar Pedaqoji Universiteti (Qazaxıstan) və Bakı Avrasiya Universiteti (Azərbaycan) tərəfindən təşkil olunmuşdur.
Quba filialını təmsil edən nümayəndə heyətinə Keyfiyyətin təminatı şöbəsinin müdiri p.f.d. Pərvanə Rzayeva, Ümumi fənlər kafedrasının müdiri v.m.i.e, p.f.d. Lətifə Cəlilova, Filologiya kafedrasının müəllimləri Nuranə Allahverdiyeva və Elnurə Şirinova, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Lalə Beydullayeva daxil olmuşdur.
Simpozium çərçivəsində iştirakçılar plenar iclaslarda Türk dünyasının ortaq tarixi, ədəbi irsi, çağdaş geosiyasi çağırışlar və təhsil sahəsində əməkdaşlıqlar mövzusunda təqdim olunan məruzələri dinləmiş, aparılan müzakirələrdə fəal iştirak etmişlər. Filial əməkdaşları bölmə iclaslarında aşağıdakı elmi məruzələrlə çıxış etmişlər: p.f.d. Pərvanə Rzayeva, p.f.d.Lətifə Cəlilova: “Türkiyəli alim Xəlil Fikrət Kanadın Azərbaycan qadın mətbuatında elmi-pedaqoji məqalələri”, Nuranə Allahverdiyeva: “Xocavənd rayonunun tarixi abidələrini restavrasiya etmək üçün irəli sürülən fikirlər”, Elnurə Şirinova: “Türkmən xalq nağıllarında ənənəvi qəlib və söz formulları”, Lalə Beydullayeva: “Təhsil prosesi iştirakçılarının mövqelərindən pedaqoji dəstəyin Azərbaycan məktəb təcrübəsindəki optimal seçim yolları”
Tədbir müddətində təhsil sistemlərinin müqayisəli təhlili, elmi əməkdaşlıq təşəbbüsləri ilə çıxış etmiş, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərinin ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə elmi tədbirlərin təşkili, mövzu əsaslı tədqiqat layihələrinin hazırlanması və ortaq nəşrlərin həyata keçirilməsi istiqamətində ilkin razılaşmalar əldə etmişlər. Gələcəkdə tələbə və müəllim mübadiləsi, elmi seminar və təlimlərin təşkili, ortaq akademik resursların inkişafı sahələrində də əməkdaşlığa hazır olduqlarını bildirmişlər. Bu təşəbbüslər filialın beynəlxalq elmi mühitə inteqrasiyasına mühüm töhfə verəcəkdir.
Simpozium çərçivəsində nümayəndələr müxtəlif mədəni və sosial proqramlarda da fəal iştirak etmişlər. “Kökümüz bir, türkük” festivalında türk dünyasına aid milli musiqi, rəqs və ədəbi nümunələrin təqdim olunduğu mədəni proqram izlənilmiş, tədbirin yekununda təşkil olunan qala gecəsində isə müxtəlif ölkələrin nümayəndələri ilə qeyri-rəsmi tanışlıq və təbliğat işləri aparılmışdır. Niğdə Ömər Halisdəmir Universitetinin müxtəlif fakültələri və laboratoriyaları ziyarət edilmiş, tədris mühiti, texniki avadanlıqlar və metodoloji bazalarla yaxından tanış olunmuşdur. Universitetin rektoru professor Hasan Uslu və rəhbər şəxslərlə keçirilən görüşlərdə tədris təcrübələrinin mübadiləsi barədə müzakirələr təşkil olunmuşdur.
Simpozium çərçivəsində əməkdaşlar Azərbaycanın mədəni irsinin təbliği məqsədilə professor Ədalət Tahirzadə tərəfindən keçirilən Şəkinin tarixi, mədəniyyəti və memarlıq abidələrinə həsr olunmuş «Şəki – tarixin naxışları» adlı sənədli filmin təqdimatında iştirak etmişlər. Film Şəki xanlığının tarixi, Karvansaray kompleksi, Şəki Xan Sarayı və bölgənin UNESCO tərəfindən qorunan irsi haqqında ətraflı məlumat verməklə yanaşı, Azərbaycanın qədim şəhər mədəniyyətini işıqlandırmışdır. Bu təqdimat Azərbaycan mədəniyyətinin türk dünyasında daha geniş təbliğinə və mədəni diplomatiyanın inkişafına töhfə vermişdir.
Niğdədə olduqları zamanı Gümüşlər Monastrı və XIII əsrə aid Aladdin Cami kimi tarixi abidələr ziyarət edilmiş, bu məkanların memarlıq xüsusiyyətləri haqqında məlumatlar əldə olunmuşdur. Eyni zamanda, simpozium müddətində təşkil olunan mədəni ekskursiya çərçivəsində nümayəndə heyəti Kapadokiyaya səfər etmişdir. Bu səfər regionun zəngin tarixi, təbii gözəllikləri və unikal geoloji formaları ilə yaxından tanış olmaq imkanı yaratmışdır. Kapadokiya — Türkiyənin Mərkəzi Anadolu bölgəsində yerləşən, yeraltı şəhərləri, qayalardan oyulmuş evləri və minillik tarixi ilə tanınan turizm məkanıdır. Burada yerləşən Göreme Açıq Hava Muzeyi, Peri bacaları və qədim monastır kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Gəzinti iştirakçılar üçün həm bilik baxımından faydalı, həm də mədəni cəhətdən zəngin bir təcrübə olmuşdur.
Simpozium başa çatdıqdan sonra nümayəndə heyəti Ankaraya iki günlük səfər etmişdir. Səfər zamanı Azərbaycan milli müstəqillik hərəkatının banilərindən olan Məmməd Əmin Rəsulzadənin məzarı ziyarət olunmuş və bu şəxsiyyət hörmətlə yad edilmişdir. Paytaxtda yerləşən tarixi camilərdən biri olan Melike Hatun Camiyə edilən ziyarət zamanı isə İslam mədəniyyəti və arxitekturası ilə bağlı məlumatlar əldə olunmuşdur. Bu səfərlər iştirakçılar üçün həm mənəvi, həm də mədəni baxımdan əhəmiyyətli olmuşdur.
Simpozium nəticəsində filial əməkdaşları yeni elmi bilik və metodoloji yanaşmalarla tanış olmuş, müasir pedaqoji və idarəçilik təcrübələrini öyrənmiş, Türk dünyasından olan alimlərlə elmi şəbəkələr qurmuş, birgə layihə və nəşrlər üçün əməkdaşlıq imkanları əldə etmiş, beynəlxalq səviyyədə təmsil olunma təcrübəsi qazanmış və milli-mənəvi dəyərlərlə zəngin təcrübə əldə etmişlər. Komanda şəklində fəaliyyətin məhsuldarlığı və elmi mühitdə əhəmiyyəti bir daha öz təsdiqini tapmışdır.
Quba filialının əməkdaşlarının simpoziumda iştirakına yaradılmış şəraitə görə filialın direktoru, hörmətli professor Yusif Alıyevə dərin təşəkkürümüzü bildiririk. Belə beynəlxalq elmi tədbirlər müəllim heyətinin akademik inkişafına, elmi baxışlarının genişlənməsinə və universitetlərarası əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu kimi tədbirlərin davamlı olaraq izlənməsi və iştirakın təşviq olunması ADPU-nun Quba filialının beynəlxalq əlaqələrinin və elmi nüfuzunun artırılmasına xidmət edəcəkdir



















