
7 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə və 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli”çərçivəsində tələbə-gənclər arasında futbol çempionatına start verilmişdi. Qeyd edək ki, çempionatın rəsmi tərəfdaşı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyidir.
28 may tarixinə qədər gündə 1 oyun olmaqla həftədə 3 dəfə keçirilən çempionatın final mərhələsi 29 may 2025-ci il tarixində baş tutub. Finalda 3 komanda yarışıb. Nəticədə 3:0 hesabla Şahdağ komandası 1-ci yerdə, Qalaktikos komandası 2-ci yerdə, Quba komandası isə 3-cü yerdə qərarlaşıblar.
Təltifetmə mərasimində iştirak edən filialın direktoru professor Yusif Alıyev qeyd edib ki, Futbol uzun illərdir Azərbaycanda böyük auditoriyası olan, lakin inkişaf yolunda böyük çətinliklər dayanan bir idman növüdür. Lakin sevindirici haldır ki, “Futbolun İnkişafı Strategiyası” artıq bu ilin qış aylarında təqdim edildi. Bu sənəd futbolumuz üçün yeni bir başlanğıca rəvac ola bilər. Strategiyanın məqsədi futbolun inkişaf istiqamətini müəyyən etmək və bu sahədə yeni perspektivlər yaratmaqdır. Artıq bu imkanlardan düzgün istifadə etməyin vaxtıdır. Düşünürəm ki, bizim gənclər də nə zamansa indi asudə vaxtın səmərəli istifadəsi üçün oynadıqları bu idman növünü gələcəkdə peşəkarcasına davam etdirəcəklər. Çünki hazırda yeniyetmə və gənclərin asudə vaxt problemi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Xüsusilə idman oyunlarının düzgün və zamanında yayılması şəxsiyyətin intellektual və fiziki təmayül və qabiliyyətlərinin inkişafına, sosial tələbatının ödənilməsinə xidmət edir. Bu mənada ADPU-nun Quba filialında da bir çox tədbirlər həyata keçirilir ki, futbol çempionatı da onlardan biridir.
Təltifetmə mərasimində həm də GİKM Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev də iştirak edərək gənclərə gələcək həyatlarında sağlamlıq arzu etmiş, onların asudə vaxtlarda belə çempionatlara qoşulmasını yüksək dəyərləndirmişdir.
Yarışın ümumi təşkilatçılığı fiz.riy. üzrə fəlsəfə doktoru Nurbala Süleymanov tərəfindən həyata keçirilib, eyni zamanda yarışın hakimi Respublika dərəcəli hakim, Quba-Şahdağ, Qusar-Şahdağ komandalarının oyunçusu Telman Dadaşov olmuşdur.
Sonda qalib komandanın üzvlərinə kubok, medal və diplomlar, 2-ci və 3-cü yerin sahibi olan komanda üzvlərinə isə medal və diplomlar təqdim edilmişdir.











