Azərbaycan Dövlət Pedaoji Universitetinin (ADPU) Quba filialının direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva Özbəkistan Respublikasında keçirilən beynəlxalq elmi konfransda iştirak edib
Əvvəlcə p.f.d. A. Şeydayeva Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub və orada ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib. Daha sonra Mərkəzdə Azərbaycan və Özbəkistan qardaşlığını, Vətən müharibəsində Azərbaycanın qələbəsini əks etdirən milli eksponatlarla zəngin guşələrlə tanış olub. Mərkəzin fəaliyyəti ilə tanışlıq bir daha onu göstərib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev arasındakı qarşılıqlı hörmət və ehtiram bu gün iki ölkə arasında qardaşlıq, dostluq dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatdırıb.
P.f.d. A. Şeydayeva Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Qori Niyazi adına Tərbiyə Pedaqogikası Milli Elmi Tədqiqat İnstitutunun elmi işlər və innovasiyalar üzrə prorektoru p.f.d., professor Xilola Tacıbayova ilə görüşüb, ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin salamlarını çatdırıb. Direktorun təşəbbüsü ilə özbəkistanlı alimlərin Quba filialı ilə olan əməkdaşlığından məmnunluğunu dilə gətirib, Filiala hədiyyə olaraq milli atribut işləməli saat təqdim edib. Həmçinin A.Şeydayeva da öz növbəsində son dövrlər ADPU-nun beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Quba filialında da bu istiqamətdə olduqca məqsədyönlü işlərin göründüyünü diqqətə çatdırıb. Əldə edilən bu uğurlu nəticələrdə ADPU-nun rektoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə xanım Hüseynovanın əməli və mənəvi fəaliyyətinin, Türk dünyasına və beynəlxalq əməkdaşlığa verdiyi önəmin, təhsilin beynəlmiləşməsi istiqamətində atdığı möhkəm addımların, həmçinin professor Yusif Alıyevin innovativ inkişaf strategiyasının, filialda gənc və bacarıqlı kadrlara dəstəyinin, uğurlu və olduqca peşəkar idarəetmə mexanizminin dayandığını qeyd edib.
Qori Niyazi adına Tərbiyə Pedaqogikası Milli Elmi Tədqiqat İnstitutunun əməkdaşı Rouşan Madatovanın vasitəsilə daha sonra p.f.d. A. Şeydayeva Özbəkistanın Daşkənd şəhərində Mirzə Uluqbəy adına Milli Universitetin şöbə müdiri Javlanbek Madatov ilə görüşüb. Quba filialının son dövrlərdə professor Yusif Alıyevin rəhbərliyi və məqsədyönlü strategiyası sayəsində uğurla inkişaf edən Özbəkistan ali məktəbləri ilə olan əməkdaşlığından söz açıb. Qeyd edib ki, Özbəkistan Respublikasının Fərqanə Dövlət Universitetindən, Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzindən, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindən və digər universitetlərdən dəfələrlə qonaqlar həm əyani həm də onlayn şəkildə Quba filialı ilə birgə layihələr icra edib. Həmçinin filialın yerləşdiyi Quba şəhərinin Özbəkistan Respublikasının Cızzax şəhəri ilə qardaşlaşmış şəhər olduğunu diqqətə çatdırıb ki, bu işdə də Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun gördüyü əsaslı işlərdən danışıb.
Görüş zamanı A.Şeydayeva Mirzə Uluqbəy adına Milli Universitetin konfrans zalında Azərbaycan bayrağının olmasının qürurunu yaşadığını da xüsusi vurğulayıb. Həmçinin Milli Universitetin nəzdində fəaliyyət göstərən tarix, musiqi (dekan müavini Abdulvahid Aliyeviç), idman və ədəbiyyat fakültələrilə, Ali Hərbi Akademiya (rektor polkovnik Kazımbek Haydarov) ilə də qısa tanışlıq olub.
20-21 may 2025-ci il tarixlərində Özbəkistan Respublikasının Termez şəhərində yerləşən Termez Dövlət Universitetində (TDU) Mahmudhoca Behbudinin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş “Milli ədəbiyyatın formalaşmasında cədidizmin rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransı TDU-nun rektoru professor Abdulqadir Taşkulov açaraq, qonaqları və iştirakçıları salamlayıb, qonaqların iştirakından məmnunluğunu dilə gətirib, konfransın mahiyyəti haqqında ətraflı məlumat verib, daha sonra qonaqlara hədiyyə olaraq milli geyimlər və milli atributlar təqdim edilib. Konfransın gedişində TDU-nun birinci prorektoru dosent Obidjon Şafiyev konfransın elmi materialları toplusunu və çıxış sertifikatını p.f.d. Aysel Şeydayevaya təqdim edib, ADPU-nun rektoru professor Cəfər Cəfərova və həmçinin Quba filialının direktoru professor Yusif Alıyevə əməkdaşlıq üçün yaratdıqları şəraitə görə təşəkkür ünvanlayıb. Konfransda “Ədəbiyyada oyanış: Poeziyada ənənə və novatorluq” adlı məqalə ilə çıxış edən A.Şeydayeva qeyd edib ki, Türkiyə türk ədəbiyyatının ən məhsuldar, lakin məhsuldar оlduğu qədər də ziddiyyətli və çətin dövrü ХIХ-ХХ əsrlər оlmuşdur. Məlumdur ki, ictimai-siyasi prоsеslərdən bu və ya digər dərəcədə kənarda ədəbiyyat yохdur. Demək olar ki, bu dövr poeziyası bir sıra orijinal və maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Rəcaizadə Mahmud Əkrəm (1847-1914), Əbdülhəq Hamid Tarxan (1852-1937), Məhmət Akif Ərsoy (1873-1936), Ziya Göyalp (1876-1924), Ömər Seyfəddin (1884-1920), Yəhya Kamal Bayatlı(1884-1958), Rəşad Nuri Güntəkin (1889-1956), Əhməd Hamdi Tanpınar (1901-1962), Nazim Hikmət (1902-1963), Ziya Osman Saba (1910-1957), Yaşar Nəbi Nayır(1908–1981), Orxan Vəli Qanıq (1914-1950), Ali Oktay Rifat (1914-1988), Cahid Qulebi (Mahmud Cahid Erencan-1917-1997), Əziz Nesin (1915-1995), Necati Cumali (1921-2001), Ahmet Sezai Karakoç (1933-2021), Nihad Sâmi Banarlı (1907-1974) və başqa şair və yazıçıların əsərlərində yeni formaların tətbiqi ilə yanaşı, ictimai mahiyyət kəsb edən mövzuların yer alması diqqəti cəlb edən başlıca xüsusiyyət idi. Poeziyada məzmun və keyfiyyət yenilikləri ilə yanaşı yeni şeir şəkillərinin təşəkkül tapması bu dövrün ən diqqətçəkən məqamlarındandır.
Konfrans müddətində həmçinin p.f.d A.Şeydayeva TDU-nun rektoru professor Abdulqadir Taşkulova Quba filialının direktoru professor Yusif Alıyevin adından xatirə olaraq Qız Qalasının rəsmini hədiyyə edib, qarşılıqlı olaraq A.Şeydayevaya Özbəkistan milli geyimi və baş örtüyü hədiyyə edilib. Həmçinin A.Şeydayeva “Surxandərya” TV kanalına konfransın işi və iki qardaş ölkənin alimlərinin elmi istiqamətdəki əməkdaşlığı haqqında öz fikirlərini bildirib. Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızıstan respublikalarından gəlmiş alimlər və mütəxəssialər iştirak edib. İki gün ərzində davam edən konfransda ədəbiyyat sahəsində müxtəlif mövzular müzakirə edilib.
Konfransdan sonra p.f.d Aysel Şeydayeva TDU-da fəaliyyət göstərən Xurşidbanu Natəvan adına Azərbaycan-Özbəkistan Mərkəzinin fəaliyyəti ilə tanış olub, Mərkəzin rəhbəri Feruza Odilcanovna burada keçirilən tədbirlərdən, tələbələrin Azərbaycan dilinə və ədəbiyyatına olan sevgisindən və marağından, Azərbaycana aid kitab və eksponatlardan, Zəfər guşəsindən söz açıb, p.f.d. A.Şeydayeva da öz növbəsində ADPU-nun Quba filialında direktor professor Yusif Alıyevin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzinin fəaliyyəti haqqında danışıb, mərkəzin tarixi və türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Bu Mərkəzin açılması ilə sanki filialda Özbəkistan universitetləri ilə əlaqələrin daha dərin və möhkəm təməllər üzərində hərəkətə başladığını bildirib. Vurğulayıb ki, Mərkəz ümumilikdə Türk dünyasının birliyinə səsləyişi də özündə birləşdirir.
Daha sonra universitetin əməkdaşlarının təşkilatçılığı ilə Termez şəhərindəki tarixi abidələr, muzeylər ziyarət edilib, şəhərlə tanışlıq olub. Ümimilikdə, A.Şeydayeva Özbəkistanın Surxandərya vilayətinin Termiz şəhərindəki Termiz Dövlət Universitetində olarkən söhbət zamanı vurğulayıb ki, bölgənin istər təbiəti, istərsə də insanlarının qonaqpərvərliyi, milli adət və ənənələrə bağlılıqları, şəhərin ümumi müasir görüntüsü onda xoş təəssürat oyadıb.














