
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə görkəmli kristalloqraf alim, Dövlət Mükafatı laureatı, fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanovun “Fonsuz naxışlar: xalq sənətindən elm müstəvisinə” mövzulu seminarı keçirilmişdir.
Tədbirin əvvəlində Filialda – Heydər Əliyev Lektoriyası qarşısındakı foyedə professor İmaməddin Əmiraslanovun yaratdığı rəsm əsərlərdən ibarət düzənlənən sərgiyə baxış keçirilmişdir.
Filial kollektivinin və tələbələrin iştirakı etdiyi sərgi tanışlığında çıxış edən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, professor, qabaqcıl təhsil işçisi Yusif Alıyev böyük alimin yaradıcılıq irsini dünya elm və mədəniyyəti üçün nadir irs adlandırıb.
Sonra müəllim əsərlərinin “naxış sirləri” barədə iştirakçılara məlumat verib.
Filialın Böyük zalında təşkil olunan seminarda əvvəlcə moderator Kəmalə Bayramova Dövlət Mükafatı laureatı, Beynəlxalq Qabaqcıl Elm Mükafatı (Frontiers Science Award) laureatı, professor İmaməddin Əmiraslanovun maraqlı ömür yolu və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.
Ardınca kristalloqraf alim, Azərbaycanda Nanoart sənətinin və Tesselation üslubunun yaradıcılarından olan İmaməddin Əmiraslanova həsr olunmuş sənədli film izlənildi.
Tədbirin davamında professor “Fonsuz naxışlar: xalq sənətindən elm müstəvisinə” mövzusunda geniş məruzə ilə çıxış etmiş, Nanoart sənətinin və Tesselation üslubunun tarixi, inkişaf yolu haqqında məlumat vermiş, dünya tarixində bu üsluba aid nümunələrin böyük monitorda yer alan şəkillərini nümayiş etdirmişdir. Məruzə geniş maraqla dinləlilmişdir.
Çıxışının sonunda professor ona ünvanlanan çoxsaylı suallara təfərrüatlı cavab vermişdir.
Tədbirin sonunda çıxış edən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, professor, qabaqcıl təhsil işçisi Yusif Alıyev dəvəti qəbul edib gəldiyi üçün və sanballı, orijinal məruzə ilə çıxışına görə böyük alimə təşəkkür etmişdir. Daha sonra Dövlət mükafatı laureatı, kristalloqraf alim, fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanov Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının qərarı ilə Azərbaycan elminin və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərə və filialla səmərəli əməkdaşlığa görə Fəxri diplomla təltif edilmişdir.
Tədbirin sonunda professor İmaməddin Əmiraslanov rəsm əsərlərindən ibarət kitabını filialın kitabxanasına hədiyyə etmiş və Xatirə şəkli çəkilmişdir.
Professor İmaməddin Əmiraslanov Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Xatirə kitabına ürək sözlərini yazmışdır.
















