Pedaqoji Universitetin Quba filiallında professor Şahin Fərzəliyevə həsr olunan elmi konfrans keçirilib

01.05.2025
Pedaqoji Universitetin Quba filiallında professor Şahin Fərzəliyevə həsr olunan elmi konfrans keçirilib

Pedaqoji Universitetin Quba filiallında professor Şahin Fərzəliyevə həsr olunan elmi konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında görkəmli tarixçi alim, professor Şahin Fərzəliyevin (Şahin Fazil – 85) 85 illik yubileyinə həsr olunmuş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda respublika elmi konfransı keçirilib.
Pedaqoji Universitetin Quba filialı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunan konfransın rəsmi açılışında şəhid ailələrinin təmsilçiləri, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, görkəmli alimlər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev konfransı giriş sözü ilə açaraq tarixi şəxslərin adlarının əbədiləşdirilməsi, həmçinin şəxsiyyətlərinə göstərilən ehtiramı Ümummilli Lider Heydər Əliyevdən miras qalan milli irs kimi dəyərləndirib və bu ənənənin Prezident İlham Əliyev tərəfindən əzmlə qorunmasını Azərbaycanın dövlətçilik tarixində xüsusi bir dəyər adlandırıb. Direktor bildirib ki, professor Şahin Fazilin bütün yaradıcılığı təkcə Azərbaycana faydalı deyil, dünya elmi üçün böyük qənimətdir. Odur ki, belə bir konfransın keçirilməsi müasir Azərbaycan elminin dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılması baxımından da faydalıdır. Tarixi şəxslərin yaradıcılığına verilən diqqət onların adının əbədiləşdirilməsinə töhfədir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov
da geniş məruzə ilə çıxış edib, qeyd edib ki, bəzi insanların sözü və əməli isə həm də elmin və cəmiyyətin yaddaşına yazılır: şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları ilə təltif olunmuş tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev kimi… Şahin Fərzəliyev (Fazil) – yalnız alim, tarixçi, şair yox, eyni zamanda nəcib, vətənpərvər, təvazökar və ruhu dərin bir şəxsiyyət idi. Onun şəxsiyyəti haqqında danışanda sadəcə bir akademik portret deyil, insanlıq keyfiyyətləri ilə seçilən, milli yaddaşı yaşadan bir fikir adamından bəhs etmiş oluruq. Şahin Fazilin hər cümləsində, hər misrasında vətən sevgisi açıq-aşkar hiss olunur.
Konfransın aparıcısı, filialın baş müəllimi Kəmalə Bayramova professor Şahin Fərzəliyevin zəngin mənalı həyat və fəaliyyəti barədə geniş məlumat verəndən sonra açılış mərasimindəki çıxışlara başlanılıb. Aparıcı diqqətə çatdırıb ki, yubilyar həm böyük yaradıcılıq işləri, həm də yüksək insani keyfiyyətləri ilə insanların sevimlisi olub.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d., dos. Eynulla Mədətli zəngin mənalı həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.f.d. Füzuli Qurbanov, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə, Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı, qubalı ziyalı Əkrəm Qaflanoğlu, şair Eynulla Müslüm çıxışlarında Şahin Fazilin həyat və yaradıcılığına dair fikir və düşüncələrini bölüşüblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri Günəş İskəndərov və Aysun Əliyeva şeirlər söyləyiblər.
Şahin Fazilin qızı Ülviyyə Şahinqızı konfransın təşkilinə görə professor Yusif Alıyevə və zəhməti keçən bütün şəxslərə səmimi minnətdarlığını bildirib.
Rəsmi hissədə çıxış edənlərə Fəxri fərman, iştirakçı qonaqlara Təşəkkürnamələr təqdim olunub.
Sonra birgə foto çəkilib.
Konfrans işini iki bölmədə – Heydər Əliyev Lektoriyasında və Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində davam etdirib.
Xatırladaq ki, konfransın təşkilat komitəsinə təqdim olunan bütün məqalələr toplu şəkilində nəşr olunacaq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?