
Pedaqoji Universitetin Quba filialının aprel üzrə kafedra iclasları keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının bütün kafedralarında aprel ayı üçün nəzərdə tutulan cari iclaslar keçirilib.
Humanitar və Təbiət elmləri üzrə iki fakültədə cəmləşən Dəqiq və təbiət elmləri, Filologiya, İctimai elmlər və Ümumi fənlər kafedralarında keçirilən iclaslar 2024/2025-ci tədris ilin ikinci yarımilində dərs prosesinin vəziyyətinə, o cümlədən açıq dərslərə hazırlıq və onların icra vəziyyəti, həmçinin cari tədris ilinin II semestrinə aid imtahan suallarının təqdimatı və təsdiqi, təşkilati işlər və cari məsələlər müzakirə olunub.
Direktorluqda təmsil olunan vəzifəli şəxslər və struktur rəhbərləri aidiyyəti bölgü əsasında iclaslarda təmsil olunublar.
İctimai elmlər kafedrasının müdiri v.m.i.e., s.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev) yetərsay olduğunu bildirib və iclası açıq elan edib. Gündəlikdə duran məsələlər barədə qərarlar yekdilliklə qəbul edilib. Gündəlik işlərdə, o cümlədən dərs prosesində məsuliyyətin daha da artırılması, davamiyyətin yüksəlişi, həmçinin kafedra əməkdaşlarının yaradıcılıq işlərinin genişləndirilməsi mühüm vəzifələr kimi iştirakçıların diqqətinə çatdırılıb. Təklif olunub ki, müəllimlər tərəfindən hazırlanan proqramlar, eləcə də məqalələr kafedrada davamlı şəkildə peşəkar müzakirəyə çıxarılsın.
Filologiya kafedrasının müdiri v.m.i.e., fil.ü.f.d. Vüqar Teymurxanlı yetərsay olduğunu bildirib və iclası açıq elan edib. Çıxışlarda növbəti tədris ilində Azərbaycan dili və ədəbiyyatı ixtisasının proqram akkreditasiyasının gözlənildiyi və bu sahədə qarşıda duran vəzifələrdən bəhs olunub. Kafedranın bir neçə əməkdaşının gələcəkdə Xəzər Universiteti və Azərbaycan Dillər Universitetində təcrübə mübadiləsinə göndərilməsi təklif olunub.
Dəqiq və təbiət elmləri kafedrasında keçirilən iclası kafedra müdiri v.m.i.e. prof. Telman Qasımov açaraq gündəlikdə duran məsələləri elan edib. Dinlənilmiş acıq dərslərin müzakirəsinin keçirildiyi iclasda 2024/ 2025-ci tədris ilinin yaz imtahan sessiyasına çıxarılan fənnlər üzrə imtahan sualları müzakirə edilib və təsdiqlənib. Sonra cari məsələlərə baxılıb.
Ümumu fənnlər kafedrasının müdiri v.m.i.e., p.ü.f.d Lətifə Cəlilova rəhbərlik etdiyi qurumun iclasındakı çıxışında diqqətə çatdırıb ki, qarşıda duran vəzifələrin öhdəsindən gəlniir. Problemlərin həlli üçün sistemli işlər həyata keçirilir. Kafedranın bütün pedaqoji heyəti filialın ictimai və ideoloji həyatında bundan sonra da var qüvvəsi ilə fəal şəkildə iştirak edəcək.
Cari məsələdə Məktəbəqədər təhsil ixtisasının (MTİ) proqram akkreditasiyasının özünütəhlil hesabatının müzakirəsi haqqında danışılıb. Mayda gözlənilən akkreditasiya ilə bağlı komissiyaya təqdim ediləcək sənədlərin hazırlıq vəziyyəti təhlil olunub.
İclaslarda ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 65 yaşının tamam olması xoş sözlərlə xatırlanıb, təcrübəli alim, ədalətli rəhbər kimi gözəl insani xüsusiyyətlərindən bəhs olunub, ona gələcək fəaliyyətində və şəxsi həyatında gözəl arzular ifadə olunub.
Kafedra iclaslarının qərarları, o cümlədən təhsilin keyfiyyətinin yüksəlişi, davamiyyətin daha da artırılması barədə təkliflər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasına göndərilib.






