
Pedaqoji Universitetin Quba filialının müəllim və tələbələri Quba Rayon Prokurorluğunda olublar
Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin Quba filialının fəaliyyət planına uyğun olaraq Quba Rayon Prokurorluğunda “Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti sistemində prokurorluğun rolu” mövzusunda görüş-infotur təşkil edilib.
Görüş çərçivəsində Quba rayon prokuroru, baş ədliyyə müşaviri Namiq Muradov Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası haqqında geniş bilgilər verdi. Sonra ölkəmizdə aparılan ədliyyə, o cümlədən məhkəmə-hüquq islahatları, prokurorluq orqanlarının dövlət strukturundakı yeri və rolu, davamlı təkmilləşdirilən qanunvericilik bazası barədə fikirlərini də çatdırıb.
Sonra Quba Rayon Prokurorluğunun inzibati binasında prokurorluğun iş otaqları ilə tanışlıq olub. İnfotur zamanı həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru, ədliyyə müşaviri İlqar Babayev, Quba rayon prokurorunun müavini, prokuror köməkçisi və müstəntiqlər iş prosesindən bəhs edib, bəzi təcrübələrini bölüşüblər.
Həmçinin prokurorluq işçiləri tələbə və müəllimlərə peşə fəaliyyətləri ilə bağlı əhəmiyyətli bilgilər vermişlər.
Görüş zamanı Quba filialının direktoru professor Yusif Alıyev səmimi qarşılanmaya, maraqlı görüşə və infotura şərait yaradıldığına görə dərin minnətdarlığını vurğulayıb, xüsusilə Quba rayon prokuroru Namiq Muradovun qanunçuluğun keşiyindəki xidmətlərini yüksək qiymətləndirərək “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələrin hüquqi maariflənməsi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.
Pedaqoji Universitetin Quba filialının məsul işçiləri Aysel Şeydayeva, Pərvanə Rzayeva və Sabir Şahtaxtı, tələbələrdən Günəş İsgəndərov görüş barədə xoş təəssüratlarını bölüşərək Azərbaycanda ümumi sabitliyin qorunmasında prokurorluq orqanlarının fəaliyyətini yüksək dəyərləndiriblər.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi xalqımızın dövlətçilik tarixində qazanılan tarixi Zəfərin təntənəsidir. Xüsusilə qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının cinayət işləri üzrə açıq məhkəmə prosesinin beynəlxalq hüququn prinsiplərinə uyğun keçirilməsində Azərbaycanın prokurorluq orqanlarının peşəkarlığı müstəsna rola malikdir. İttiham olunan şəxslər məhz otuz ildən yuxarı zaman kəsiyində toplanmış istintaq materialları əsasında və şahid ifadələri ilə mühakimə olunurlar.
Görüşün sonunda xatirə fotosu çəkdirilib.







