
Pedaqoji Universitetin Quba filialında iki müəllim birgə tədris həyata keçirib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Ümumi fənlər kafedrasının baş müəllimi Mehriban Məmmədova məktəbəqədər təhsil ixtisasının əsas fənlərindən biri olan “Oyunların təşkili metodikası” fənnini Xaçmaz şəhər 5 nömrəli məktəbdə fəaliyyət göstərən tərbiyəçi müəllim Nigar Məmmədova ilə birgə müasir pedaqoji yanaşma ilə olduqca fərqli və yaddaqalan bir şəkildə təşkil etmişdir. Dərsdə məqsəd oyun vasitəsilə öyrətməyin elmi və praktik əsaslarını tələbələrə aşılamaq idi. Tələbələr dərsə yalnız dinləyici kimi deyil, aktiv iştirakçı kimi cəlb olundular. Dərsin əvvəlində oyun və oyuncağın nəzəri əsasları, didaktik oyunun tərifi və məqsədi ətrafında əhatəli müzakirələr aparıldı.
Slaydlarla müşayiət olunan mühazirədə oyunların uşaqların idrak, emosional və sosial inkişafındakı rolu vurğulandı. Daha sonra tələbələr kiçik qruplara bölünərək müxtəlif mövzularda didaktik oyunlar hazırladılar. Hər qrup öz oyununu təqdim etdi, onun məqsədini, istifadə qaydasını və uşaqların hansı bacarıqlarını inkişaf etdirdiyini izah etdi. Təqdimatlarda yaradıcı üsul, pedaqoji məntiq və müasir yanaşmalar öz əksini tapdı.
Dərsdə “Simvolik oyunlar”, “Əşyavi oyunlar”, “Rollu oyunlar” və “Didaktik oyunlar”ın fərqləri və tətbiq metodikası geniş müzakirə olundu. Tələbələr real didaktik materiallardan – oyuncaqlar, şəkillər, kartlar və əşyavi vasitələrdən istifadə etdilər. Hər oyun vasitəsilə uşaqlarda diqqət, hafizə, məntiqi təfəkkür və ünsiyyət bacarığının necə inkişaf etdiyinə dair praktik nümunələr göstərildi.







