
Pedaqoji Universitetin Quba filialında “Qəhrəmanlar unudulmur” mövzusunda tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Şəhid Kapitan Aqil Məlikovun doğum gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur!” mövzusunda tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası yolunda cənlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Kapitan Aqil Məlikov adını daşıyan auditoriyada igid zabitin döyüş yoluna həsr olunmuş video-çarx nümayiş etdirilib.
Pedaqoji Universitetin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarından, xalqımızın əzəmətli dövlətçilik tarixindən, hələ cümhuriyyət dönəmindən bu günümüzə qədər keçilən milli-azadlıq mübarizəsi yolundan, xalqımızı qalibiyyətlə aparan ordu quruculuğunda və təməli Ulu Öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına hərbi liseyin tarixi əhəmiyyətindən geniş bəhs etmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın çoxşaxəli inkişaf strategiyasından danışan prof.Yusif Alıyev diqqətə çatdırıb ki, Azərbaycanın tarixi zəfəri əcdadlarımızdan bizə əmanət olan dövlətçilik arzularının real təcəssümüdür. Azərbaycan müstəqilliyinin qazanılması, XX əsrin sonunda yenidən bərpası və qorunması, inkişafı, həmçinin ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunması məhz şəhadət zirvəsində olan qəhrəman övladlarımızın igidliyi oğulların sayəsində qazanılıb. Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu Vətən müharibəsində qazanılan rəşadətli qələbənin 2023-cü ildə keçirilən 23 saatlıq antiterror əməliyyatı ilə başa çatdırıb. Direktor qeyd edib ki, bu tarixi parlaq qələbəmizin qazanılması məhz şəhid kapitan Aqil Məlikov və onun kimi minlərlə Vətən oğlunun danılmaz şücaəti nəticəsində baş tutub. Kapitan Aqil Məlikovun övlad yadigarları Vətənimizə, xalqımıza və dövlətimizə əmanətdir. Şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın gəlbində əbədi yaşadılacaqdır.
Daha sonra çıxış üçün söz, filialın nümunəvi məzunlarından olan, Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi Qazisi, Alpan kənd tam orta məktəbin coğrafiya müəllimi Ağadadaş Dadaşova verilib. Qəhrəman döyüşçü şəhid kapitan Aqil Məlikova bağlı olan döyüş xatirələrini bölüşüb. Qazi qeyd edib ki, Şəhid kapitan təkcə qəhrəmanlığı ilə deyil yüksək insani keyfiyyətləri ilə də daim ətrafa nümunə olub.
Bundan sonra da Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün çağırışlarına səs verməyə hazır olduğunu ifadə edən Qazi, Alpan kənd tam orta məktəbinin müəllimi Ağadadaş Dadaşov diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan dövlətinin gücü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının real təcəssümüdür.
Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü addımlarını qeyd edən qəhrəman döyüşçü dövlətimizin başçısının müharibə dövründə əcnəbi mediaya qurumlarına müsahibələrindən söz açaraq bildirib ki, düşmənin əsl simasını bütün dünyaya tanıtdığına görə, Müzəffər Ali Baş Komandana hər zaman minnətdar olacağıq. Çıxışda həm də qeyd edilib ki, Ağadadaş Dadaşov göstərdiyi döyüş qəhrəmanlıqlarına görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
Çıxışlardan sonra kapitan Aqil Məlikovun sağlığında özünün sevə-sevə səsləndirdiyi şeir oxunub.
Filialın İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Səkinə Quliyevanın aparıcılığı ilə keçirilən tədbir birgə fotoqraf çəkilişi ilə başa çatıb.





