Keçmişdən gələcəyə müstəqilliyimiz və suverenliyimiz

18.04.2025
Keçmişdən gələcəyə müstəqilliyimiz və suverenliyimiz

Quba filialında “Keçmişdən gələcəyə müstəqilliyimiz və suverenliyimiz” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba-Xaçmaz Regional Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Keçmişdən gələcəyə müstəqilliyimiz və suverenliyimiz” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində ev sahibliyi edilən tədbirin moderatoru, filialın İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov tədbirin mahiyyəti haqqında ətraflı və dolğun məlumat verib.
Aparıcı ADPU Quba filialının direktor dosent Yusif Alıyevin rəhbərliyi ilə filialda “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işləri sadalayıb və deyib: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlardan bəhs olunub.
GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev çıxışında qeyd edib ki, Konstitusiyamız dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. Biz gənclər bu müstəqilliyin qədrini bilməliyik.
Tədbirdə çıxış edən Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında bildirib ki, Konstitusiyamızın bəyan etdiyi mühüm istiqamətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunub. Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü əsasında Azərbaycanda Konstitusiya və Suverenlik ili elan edilmişdir. Ombudsmanın Şimal Regional Mərkəzi də prosesdə yaxından iştirak edərək müxtəlif layihələr icra edir, görüşlərdə iştirak edir.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin şimal regionu üzrə sədri, ehtiyatda olan Xüsusi Təyinatlı qazi Ramin Yunusov, Quba rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Simarə Əliyeva çıxışlarında vurğulayıblar ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Tədbir sual-cavab formatında davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?