
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Tələbələr Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Açıq qapı” günündə Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Səyyad Kərimov tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.
Görüş zamanı ADPU-nun Quba filialında da “Konstitusiya və Suverenlik İli” çərçivəsində dos. Yusif Alıyevin rəhbərliyi ilə tələbələrin hüquqi maariflənməsi istiqamətində görülən işlər vurğulanıb, daha sonra filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva, GİKM-in aparıcı mütəxəssisi Nurlan Sərdarlı, koordinator Eyvaz Xeyrullayev, tələbələr Nübar Mustafayeva, Asiman Ramazanova və digərləri hakim Səyyad Kərimova mövzu ətrafında müxtəlif suallar ünvanlayıblar.
Qeyd edək ki, Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında təşkil edilmiş “Açıq qapı” günündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının əməkdaşlarından və tələbələrindən ibarət nümayəndə heyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, GİKM-in Quba –Xaçmaz Regional nümayəndəliyinin əməkdaşları və gənc könüllüləri iştirak edib.
Sonda gənclər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.