Quba filialında “Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” adlı tədbir keçirilib

14.03.2025
Quba filialında “Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” adlı tədbir keçirilib

7 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev açıq elan edib, sözə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirləri ilə başlayıb:
“Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar, onlar bizim nəslimizi artırırlar. Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər.” Daha sonra direktor qeyd edib ki, şəhid anaları, bacılarını xüsusilə təbrik edir və səbirli olmalarını arzu edirəm. Şəhidlər cismani olaraq aramızda yoxdurlar, ancaq onlar bizim qəlbimizdə yaşayır və yaşayacaq. Yoldaşları, qardaşları şəhid olan bacılara səbr diləyirəm. Onlara qayğı hər biriminiz borcudur. Hər bir Azərbaycan kişisinin borcudur ki, qarşılarında baş əysin. Hər bir şəhid anasının, bacısının, həyat yoldaşının qarşısında baş əyirəm. Direktor həmçinin filialda çalışan qadın əməkdaşların da əməyini,zəhmətini yüksək qiymətləndirib, onların nümunəvi davranışlarına diqqət çəkib, bayram münasibətilə əməkdaşların sosial rifahını nəzərə alaraq mükafat yazıldığını qeyd edib.
Tədbirdə İnsan resursları şöbəsinin müdiri Seyid Cabbarov çıxış edib, filialın əməkdaşlarını təbrik edib, qadınların cəmiyyətdəki hüquq və vəzifələrindən söhbət açıb.
Daha sonra Şəhid Ruslan Bayramovun həyat yoldaşı, filialın tələbəsi İlahə Bayramova və Şəhidin övladı Arzu Bayramova onlara göstərilən diqqət və qayğıya, həm də tədbirin təşkilatçılığına görə filialın direktoru Y.Alıyevə təşəkkür ediblər.
Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi İbrahim Piriyevin moderatorluğu ilə davam edən tədbirdə filialın tələbələrinin ifasında şeir nümunələri səsləndirilib, ADPU-nun Quba filialının qadın əməkdaşlarının filialdakı bir günlük fəaliyyətlərinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Tədbirin sonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə və Pedaqoji Universitetin Quba filialının ictimai-mədəni həyatında fərqləndiyinə görə bir qrup əməkdaş Filialın direktoru dosent Yusif Alıyevin əmri ilə (Maliyeva Mahirə İskəndər, Xəlilova Validə Saat, Əliyeva Təhminə Yasin, Heybətova Alyona Valeriy, Cabbarova Bikə Fərman, Nəbiyeva Natiqə Əsgər, Qasımova Fatimə Əzizağa, Kərimova Lalə Adil) bir qrup əməkdaş isə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyevin əmri ilə (Aysel Şeydayeva, Mahirə Malıyeva, Nübar Bayramova) təltif ediliblər.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatıb.

Ürəyi təmizdir, ruhu təmizdir,
Xəyalı bir nur tək sonsuz dənizdir,
Qadın bir anadır, ana əzizdir.
Qadınlar bayramınız mübarək olsun!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?