
“The Weekend – II” düşərgəsinin açılış mərasimi keçirilib
28 fevral – 2 mart tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “The Weekend – II” düşərgəsi keçirilib.
“The Weekend – II” düşərgəsinin keçirilməsinin məqsədi tələbə klublarının inkişafına dəstək olmaq, gənclərin liderlik bacarıqlarını artırmaq və aktiv gənclərə yeni biliklər qazandırmaq olub. Düşərgə eyni zamanda tələbələrin motivasiyasını artırmaq, onları daha aktiv və effektiv fəaliyyətə təşviq etməyi hədəfləyib.
Düşərgənin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktor müavini p.ü.f.d. Aysel Şeydayeva gənclərlə görüşüb, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar” mövzuları ətrafında çıxış ediblər.
Açılış mərasimindən sonra Azərbaycan Milli Konservatoriyasının tələbələri tərəfindən musiqi ifaları təqdim edilib.