Direktor tələbələrlə birbaşa dialoqda olub

07.03.2025
Direktor tələbələrlə birbaşa dialoqda olub

Direktor tələbələrlə birbaşa dialoqda olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev 27 fevral 2025-ci il tarixində filialın akt zalında tələbələrlə görüş keçirmişdir. Heç bir vasitəçinin olmadığı tədbirdə tələbələri səmimiyyətlə salamlayan direktor onlarla təhsil prosesi, akademik uğurları və gələcək planları barədə fikir mübadiləsi apardı. Görüşdə fikir və düşüncələrini açıq şəkildə, sərbəst formada birbaşa səsləndirən tələbələr təhsilin keyfiyyətinin daha da artırılması ilə bağlı təkliflərini, təhsil ocağında görmək istədikləri yenilikləri rəhbərliyə çatdırıblar. Tələbələrin suallarını geniş şəkildə cavablandıran direktor onların arzu etdikləri məsələlərin həlli üçün müvafiq addımların atılacağını bildirdi. Təhsil müəssisəsinin rəhbəri, həmçinin tələbələri filialın ictimai-ideoloji həyatında fəal olmağa, yeni biliklər əldə etmək üçün intizamı daha da artırmağa və peşəkar inkişafları naminə vaxtdan olduqca səmərəli istifadə etməyə çağırışlar edib.
Bundan başqa, tələbələrin təklif, rəy və şikayətlərinin öyərənilməsinin filialın gələcək həyatı və ümumi inkişaf dinamikası üçün xüsusi əhəmiyyət daşıdığını əsas tutan direktor Yusif Alıyevin qərarı ilə foyedə “Rəy və təkliflər qutusu” qoyulub. Təklif, rəy və şikayətlərə dair anonimliyin və məxfiliyin qorunmasını təmin etmək məqsədi ilə görülən bu tədbir tələbələri müzakirə prosesinə daha da həvəsləndirmişdir. Görüş çərçivəsində tələbələrə təklif, rəy və şikayətlərini yazılı şəkildə yazaraq “səyyar qutu”ya atmaları xahiş edildi. Sonda bütün yazılı müraciətlər oxunub. Bəzi problemlər yerindəcə araşdırılaraq həlli təmin edilmiş, bir çox müraciətlər isə sistemləşdirilərək həlli yollarının müzakirə ediləcəyi və nəticələr barədə tələbələrə məlumat veriləcəyi bildirilmişdir.
Çıxış edən tələbələr səmimi və inamlı atmosferdə keçən görüşün onlar üçün motivasiya mənbəyi olduğunu ifadə edərək açıq dialoq şəraitinə görə filialın rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Direktor Yusif Alıyev tərəfindən bu cür görüşlərin mütəmadi şəkildə keçiriləcəyi tələbələrin diqqətinə çatdırılmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?