
1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda maarifləndirici tədbir 28 fevral tarixində keçirilib.
Tədbir çərçivəsində ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, Mülki müdafiə qərargahının sədri p.f.d. Aysel Şeydayeva, Humanitar elmlər fakültəsinin dekanı v.m.i.e Mürvət Əliyev, Təbiət elmləri fakültəsinin dekanı v.m.i.e Nübar Bayramova, filialın Gənc Alimlər Birliyinin sədri Elbrus Əhmədov günün mahiyyətini izah edib, filialda dosent Yusif Alıyevin rəhbərliyi ilə bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin dünyanı cəmiyyətimiz və gələcək nəsillərimiz üçün təhlükəsiz etmək məqsədi daşıdığını qeyd ediblər. Daha sonra vurğulayıblar ki, bu gün biz, Beynəlxalq Mülki Müdafiə Günündə, ümumi missiyamızın – bütün dünyada əhalinin təhlükəsizliyinin təminatının əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq. Mülki müdafiə ölkənin təhlükəsizliyini təmin edən ən mühüm funksiyalardan biridir.
Mülki müdafiə, müharibə – təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar zamanı əhalinin həyatını, sağlamlığını və əmlakını qorumağa, eləcə də ərazilərin, müəssisələrin, habelə ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sistemdir. Bu, yalnız dövlətin deyil, həm də ziyalıların birgə əməkdaşlığını tələb edən, dinamik və geniş sahədir.
Son illərdə dünya təbii fəlakətlər, texnogen qəzalar, epidemiyalar və təhlükəsizlik təhdidləri daxil olmaqla, bir sıra qlobal təhdidlərlə üzləşib ki, bu da bizdən daim hazır olmağı və bütün səviyyələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərməyi tələb edir. Bu istiqamətdə bizlərə Fövqaladə hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin əməkdaşları da yaxından kömək edir, maarifləndirmə üçün göndərilən materiallar, yaxın günlərdə nəzərdə tutulan təlimlərin planlaşdırılması da buna əyani sübutdur. Mülki müdafiə əhalinin həyat və sağlamlığını qorumaqla bu çağırışlara qarşı durmaq bacarığımızın əsasına çevrilir.
Bundan əlavə auditoriyalarda “Fövqaladə hadisələrdən müdafiə sahəsində əhalinin məlumatlandırılması” mövzusunda tələbələrə həm nəzəri, həm də təcrübi məlumatlar verilib.