Pedaqoji Universitetin Quba filialında Xocalı soyqırımının ildönümü qeyd olunub

07.03.2025
Pedaqoji Universitetin Quba filialında Xocalı soyqırımının ildönümü qeyd olunub

Pedaqoji Universitetin Quba filialında Xocalı soyqırımının ildönümü qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalıya qayıdış!” mövzusunda anım mərasimi təşkil olunub.

Şəhid ailələrinin və qazilərin iştirak etdikləri tədbirə filialın professor, müəllim və tələbə heyəti qatılıb.

Əvvəlcə tədbir iştirakçıları Şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriya ziyarət olunub və Nuran Mirzəyevin büstü önünə gül dəstələri qoyulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev tələbələr qarşısında Xocalı soyqırımının səbəb və məqsədlərindən danışıb. Direktor diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı rəşadətli qələbənin əzəmətini 2023-cü ildə keçirilən 23 saatlıq antiterror əməliyyatı ilə tarixi zirvələrə yüksəldib.

Sonra filialın foyesində təşkil edilmiş Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoların qarşısına tər qərənfillər qoyulub.
Xocalı soyqırımına aid kitablara baxış olub.

Filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində Nəhayət Şirinavanın moderatorluğu ilə keçirilən anma mərasimi ümummilli lider Heydər Əliyev və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Xocalı soyqırımına dair sənədli-tarixi film nümayiş olunub.
Pedaqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev tədbirin açılışındakı çıxışında Azərbaycan xalqının dövlətçilik tarixindən və müasir dövrdə aparılan milli-azadlıq mübarizəsinin əzəmətli nəticələrindən danışıb. Şəhid valideyinlərini və şəhid ailə üzvlərini böyük səmimiyyətlə salamlayan direktor onların igid övladlarının qəhrəmanlıq dastanında dönmüş zəfər yollarından bəhs edib. Bildirib ki, Xocalı Soyqırımına məruz qalmış günahsız insanların məşəqqətləri heç zaman unudula bilməz. Direktor deyib: “44 günlük Vətən savaşında qanından, canından keçən Vətən oğulları günahsız Xocalı qurbanları ilə bərabər ümumilikdə ərazi bütövlüyümüz, azadlığımız uğrunda özünü fəda etmiş bütün şəhidlərimizin qisasını döyüş meydanında alıblar”.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini diqqətə çatdıran direktor Yusif Alıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması bu ideologiyanın məntiqi nəticəsidir. Azərbaycan xalqı bütün bu misilsiz xidmətlərə görə şəhid və qazilərin adını əbədiyyətə qədər uca tutacaq, onların ailələrinə minnətdar olacaqdır.

Sonra Şəhid Səttər Piriyevin anası Ofelya Piriyeva, Şəhid Musa Məhəmmədovun anası Rübabə Məhəmmədova, Şəhid Rahim Mikayılovun anası Ulduz Mikayılova, atası Qalib Mikayılov çıxışlarında igid övladlarının qəhrəmanlığından, onların vətənpərvərlik hisslərindən bəhs ediblər.

Şəhid valideynləri bildiriblər ki, onların qəhrəman övladları Xocalı soyqırımı qurbanlarının qisasını alıb, günahsız soydaşlarımızın nahaq qanını yerdə qoymayıblar. Şəhid və qazilərimiz xalqımızın milli-azadlıq arzularını gerçəkliyə çeviriblər.

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin şimal regionu üzrə sədri, ehtiyatda olan Xüsusi Təyinatlı, qazi Ramin Yunuslu çıxışına aprel döyüşlərindən başlayıb 44 günlük tarixi zəfərimizlə sonlanan şərəfli döyüş yolu barədə xatirələrini bölüşüb.

Natiqlər şəhid ailələri və qazilərə göstərilən diqqətə görə filial rəhbərliyinə və kollektivə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra filialın strateji məsələlər üzrə mütəxəssisi, Xocalı qətliamının araşdırmaçısı və Xocalı dəhşətlərini özündə əks etdirən bir neçə kitabın müəllifi Sabir Hacıyev çıxış edərək erməni vandallarının günahsız Xocalı sakinlərinin başına gətirdiyi qan donduran məqamları foto-faktlar üzərindən tədbir iştirakçılarının nəzər və diqqətinə çatdırıb.

Çıxışlarda qeyd olunub lki, Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusilə yadda qalan məqamlardan biri də Xocalının işğaldan azad olunması və şəhid şəhərə qayıdışın təmin edilməsidir.
Tədbir filial tələbələrinin Vətənimizə, şəhidlərə, qəhrəmanlıq dastanlarına həsr olunan şeirlərin səsləndirilməsi ilə davam edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində iştirakını və çıxışına dair videomaterialın nümayişi ilə başa çatan tədbirdən sonra iştirakçılar xatirə şəkili çəkdiriblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında fevralın 26-da keçirilən dərslərin giriş hissəsi Xocalı soyqırımına həsr olunub. Həmçinin həmin gün saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Filialın inzibati binası qarşısında dalğalanan Azərbaycanın Dövlət Bayrağı endirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?