
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyatçısı, Vətən müharibəsi Şəhidi Seymur Mahir oğlu Qocayevin xatirəsinə həsr olunan “Qanı ilə tarix yazan qəhrəman: Şuşa fatehi Seymur Qocayev” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Şəhid ailələrinin nümayəndələri, qazilər, rayon rəhbərliyinin təmsilçilərinin qatılımı ilə keçirilən tədbirdə filialın professor-müəllim və tələbə heyəti, geniş tərkibdə kollektiv iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlıları qarşısındakı nitqindən ibarət videomaterial nümayiş olunub.
Filialın direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev tədbirin açılışındakı nitqində ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarından və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın çoxşaxəli inkişaf strategiyasından bəhs edib. Dos. Yusif Alıyev diqqətə çatdırıb ki, Azərbaycanın tarixi zəfəri əcdadlarımızdan bizə əmanət olan dövlətçilik arzularının təntənəsidir. Azərbaycan müstəqilliyinin qazanılması, qorunması, inkişafı, həmçinin ərazi bütövlüyü və suverenliyimızın təmin olunması məhz şəhadət zirvəsində olan qəhrəman oğullarımız sayəsində qazanılıb və Şəhid Seymur Mahir oğlu Qocayevin həyatı və xidməti qəhrəmanlıq dastanı və Vətənpərvərlik nümunəsidir.
Tədbirin aparıcısı, Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova şəhid Seymur Qocayevin qısa və mənalı, lakin şərəfli və həmişəyaşar həyat yolu haqqında geniş açıqlama ilə çıxış edib.
Sonra söz Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasovaya verilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun salamlarını tədbir iştirakçılarına çatdıran Səidə Abbasova çıxışında Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından bəhs edərək, bu ənənənin rayonumuzda da geniş şəkildə davam etdirildiyini vurğulayıb və çıxışının sonunda şəhidlərimizə Allahdan rəhmət diləyib.
Növbəti çıxış üçün söz Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyevə verilib. Coşğun Əliyev də öz növbəsində II Qarabağ müharibəsi başlayan gündən təhsil işçilərinin də könüllü olaraq döyüşə qatılmasından, 44 günlük Vətən savaşında öz canını fəda etmiş müəllimlərimizin şücaətindən bəhs etmiş, həmçinin regionda şəhid ailələrinin və qazilərin işlə təmin olunmasında göstərdikləri köməkliklərdən söz açmışdır.
“Vətən Naminə” İB-in sədri, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova da öz çıxışında Seymur Qocayev haqqında xatirələrini bölüşüb, filial direktoruna və kollektivə şəhid ailələrinə olan xüsusi diqqət və qayğıya görə təşəkkür edib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri şair Ramiz Qusarçaylı, Şəhidin döyüş yoldaşı, XTQ Sənan Əhmədov, Şəhid Seymur Qocayevin müəllimi Nəzər Sultanlı, şair-müəllimə Rəna Vəliyeva çıxışlarında Azərbaycanın şanlı və tarixi zəfərinin ayrı-ayrı istiqamətlərindən söz salıblar.
Qəhrəman şəhidimizin ruhuna duaların ünvanlandığı çıxışlardan sonra seyr edilən Şəhid Seymur Mahir oğlu Qocayevin həyatını əks etdirən videomaterialın nümayişi hərarətli alqışlarla qarşılanıb.
Sonda şəhid Seymur Qocayevin anası – Rəsmiyə Qocayeva çıxış edərək, oğlunun keçdiyi qəhrəmanlıq dolu həyat yolundan qürurla bəhs etmiş və bütün filialın rəhbərliyinə, kollektivə və iştirakçılara öz səmimi minnətdarlığını ifadə etmişdir.
Tədbirin ikinci hissəsi filial tələbələrinin ifasında bədii kompozisiyalardan ibarət olub.
Tədbir ehsan süfrəsi arxasında davam edib, xatirə fotoşəkilləri çəkdirilib.