
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında bütün kafedralar üzrə iclaslar keçirilib.
Humanitar və Təbiət elmləri üzrə iki fakültədə cəmləşən Dəqiq və təbiət elmləri, Filologiya, İctimai elmlər və Ümumi fənlər kafedralarında keçirilən iclaslar 2024-2025-ci tədris ilin birinci yarımilinin nəticələrinə, o cümlədən ikinci semestrdə tədris prosesinə hazırlıq, həmçinin sillabusların və mühazirələrin hazırlanması, təşkilati işlər və cari məsələlərə həsr olunub.
Direktorluqda təmsil olunan vəzifəli şəxslər və struktur rəhbərləri aidiyyəti bölgü əsasında iclaslarda təmsil olunublar.
Filialın direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev iştirak etdiyi Dəqiq və təbiət elmləri kafedrasının iclasında 2024-2025-ci tədris ilin birinci yarımilinin imtahanının yekunları, növbəti semestrə hazırlıq, həmçinin filialda təşkil olunacaq növbəti ictimai və ideoloji tədbirlərdən bəhs edib.
İmtahan prosesindəki şəffaflığın və ədalət meyarının geniş ictimaiyyət tərəfindən də müsbət qarşılandığını diqqətə çatdıran direktor Yusif Alıyev bildirib ki, proses çərçivəsində yanvarın 27-də təşkil olunan açıq qapı günündə iştirak edən valideynlərlə keçirilən görüşlərdə onlar təmin olunan şəffaflığa görə səmimi minnətdarlıqlarını ifadə ediblər.
2024-2025-ci tədris ilin ikinci yarımilinə hazırlıq işləri ilə bağlı təklif və tövsiyələrini çatdıran ADPU-nun rəhbəri dosent Yusif Alıyev bildirib ki, mühazirə mətnləri və imtahan sualları arasındakı bağlılığa daha həssas yanaşılmalı və bu prosesə diqqət artırılmalıdır. Filialın kafedraları arasında pedaqoji sahədə və yaradıcılıq məsələlərində əlaqələr daha da sıxlaşdırılmalıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının strateji məsələlər üzrə mütəxəssisi siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtı (Hacıyevin) qələmə aldığı “Yosun ətri” siyasi-tarixi roman İctimai elmlər kafedrasının iclasının gündəliyinə daxil edilib və müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, Azərbaycan dilinə nəşr üçün hazır halda olan əsər Azərbaycan Dövlət Neft və Kimya Institutunu – indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olan əfqanıstanlı Rəsul Biruninin həyat dramıdır. Əfqanıstanı bitib-tükənməyən su hövzələrinə, yaşılıqlar diyarına çevirməyi həyat amalı kimi qəbul edən Rəsul Biruninin bütün prinsipləri Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çağırışlarını özündə ehtiva edir.
Filialın pedaqoqları – Təbiət elmlər kafedrasının müdiri v.m.i.e., p.ü.f.d Lətifə Cəlilova, t.ü.f.d.Təhminə Əliyeva, Kəmalə Bayramova, Kamal Kamalov və digərləri əsərə olduqca müsbət rəy veriblər.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Bahadur oğlu Babayevə müvafiq məzmunda məktub ünvanlansın. Məktubda əsərin xüsusilə nəşrinin Azərbaycanın “yaşıl dünya” siyasəti üçün əhəmiyyəti əsaslandırılsın.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini, t.ü.f.d. İsmayıl Mahmudov “Yosun ətri” siyasi-tarixi roman ümumilikdə Azərbaycanın “yaşıl enerji” siyasətinin bədi ədəbiyyat üzərindən təbliğatı baxımından mühüm təsir vasitəsi ola bilər.
Filologiya və Ümumi fənlər kafedralarında da filialın pedoloji və ictimai həyatına dair aktual məsələlər müzakirə olunub.
Filologiya kafedrasının iclasında pedaqoji təcrübənin yeni qaydalarının müzakirəsinə geniş yer ayrılıb. Müzakirələrdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar filialda tədbirin təşkil edilməsi barədə mühüm qərar qəbul edilmişdir. Filologiya kafedrasının müdiri v.m.i.e.,f.ü.f.d. Vüqar Teymurxanlı və digər əməkdaşlar keçirilən müzakirələrin filialın elmi, pedaqoji və ictimai həyatındakı roluna dair təklif, rəy və tövsiyələrini bildirmişlər.
Kafedra müdiri v.m.i.e., p.ü.f.d Lətifə Cəlilova rəhbərlik etdiyi qurumun iclasındakı çıxışında diqqətə çatdırıb ki, Təbiət elmlər kafedrası yeni təsis edilməsinə baxmayaraq qarşıda qoyulan bütün pedaqoji, o cümlədən ictimai və ideoloji vəzifələrin öhdəsindən uğurla gəlir. Yola salınan tədris yaılımilində imtahanların yüksək nəticələri deyilənlərə əyani sübutdur. Təbiət elmləri kafedrasının bütün pedaqoji heyəti filialın ictimai və ideoloji həyatında var qüvvəsi ilə fəal şəkildə iştirak edir.
Kafedra iclaslarının qərarları, o cümlədən təhsilin keyfiyyətinin yüksəlişi, davamiyyətin daha da artırılması barədə təkliflər Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Elmi Şurasına göndərilib.