Açıq qapı

31.01.2025
Açıq qapı

Pedaqoji Universitetin Quba filialında növbəti Açıq qapı günü təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında yanvarın 27-də açıq qapı günü keçirilib.
Saat 9.00-dan 12.00-dək təşkil olunan Açıq qapı zamanında valideynlər imtahan prosesinin gediş vəziyyətini izləyiblər.
Sonra Heydər Əliyev Lektoriyasında Açıq qapı günündə iştirak edən valideynlərin bir qrupu ilə görüş keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin müəllim peşəsi və cəmiyyətin formalaşmasında məktəbin yeri və rolu barədə işıqlı fikirləri videomaterial şəklində nümayiş olunub.
Pedaqoji Universitetin Quba filialının direktoru, dosent, fizika elmləri doktoru Yusif Alıyev Açıq qapı gününün məram və məqsədlərindən, filialdakı tədris və imtahan prosesindən bəhs edib. Filialda aparılan islahatlar, təhsil prosesi və müəllim məsuliyyətinə nəzarət, tələbələrin dərsə davamiyyəti, tələbələrin kitabxanaya cəlb edilməsi kimi məsələlərdən danışan dosent Yusif Alıyev bildirib ki, filial bütün bu proseslərdə daim valideyn dəstəyinə ehtiyac duyur. Çünki valideyn övladının təhsil prosesinə nəzarət etdikcə tələbənin məsuliyyəti daha da artır.
Övladları ADPU-nun Quba filialında təhsil alan valideynlərdən Asif Mərdanov, Elşən Rəsulov, Nəsimi Nəbiyev, Samir Quliyev, İlqar Səfərəliyev və Şahin Kamilov çıxışlarında “Açıq qapı günü”nün təşkilinə və göstərən səmimi münasibətə görə filialın rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. İmtahan prosesindəki şəffaflığın keyfiyyətli tədrisin real nəticəsi kimi dəyərləndirən valideynlər əminliklə bildiriblər ki, mövcud ədalətli vəziyyət sağlam müəllim-tələbə münasibətlərinin təzahürüdür.
Valideynlər təklif ediblər ki, filialın məzun və tələbə ailələrinin təmsil oldunduğu “Valideynlər təşkilatı”nın təsis edilməsi faydalı nəticələr verə bilər.
Təşəbbüsü bəyəndiyini və dəstəklədiyin bildirən direktor Yusif Alıyev bu cür qurumların dünyanın aparıcı təhsil müəssisələrində mövcudluğunu faydalı nəticələr gətirdiyini diqqətə çatdıraraq bildirib ki, belə bir təsisatlar ADPU-nun Quba filialından kənarda müstəqil təşəbbüslərlə də yaradıla bilər. Lakin təşkilatın məram və məqsədi aydın olmalı, nəzarət mexanizmi yaradılmalı və fəaliyyətində şəffaflıq tam təmin edilməlidir.
Açıq qapı günündə iştirak etməyi filialın kollektivinin əməyinə verilən ən böyük ictimai dəstək kimi dəyərləndirən Strateji məsələlər üzrə mütəxəssis, s.e.f.d. Sabir Şahtaxtı (Hacıyev) əminliklə bildirib ki, tələbə və məzunların valideynləri bu addımları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının ən güclü və ən sağlam təbliğatçısına çevrilirlər. Bu isə ümumilikdə Azərbaycanın təhsil strategiyasına göstərilən dəstək deməkdir.
Şöbə müdiri Yusif Abayev müzakirə olunan məsələlər ətrafında fikir və mülahizələrini bölüşüb.
Pedaqoji Universitetinin pedaqoqları və şöbə müdirləri – Pərvanə Rzayeva və Seyid Cabbarov, həmçinin filialda dekanı səlahiyyətlərini müvəqqəti icra edənlər – Nubar Bayramova və Mürvət Əliyev görüşdə iştirak ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?