Pedaqoji Universitetin Quba filialında keçirilən elmi konfrans işini uğurla başa çatdırıb
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının ev sahibliyi ilə keçirilən Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illik yubileyinə həsr olunmuş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” Respublika Elmi Konfransı işini uğurla başa çatdırdı.
Konfransdan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının rəhbər heyəti müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetin, Pedaqoji Universitetin Quba filialının və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində şəhid ailələrinin nümayəndələri, qazilər, respublikamızın tanınmış alimləri, qardaş Türkiyədən nüfuzlu ali rütbəli hərbçi-ziyalılar, yerli ictimaiyyətinin görkəmli təmsilçiləri, Quba ziyalıları iştirak ediblər.
Məlumat verilib ki, konfransa respublika üzrə 28 universitet və elmi müəssisələrin əməkdaşları tərəfindən 234 məruzə təqdim olunmuş, onlardan 174 elmi məqalə Təşkilat Komitəsi tərəfindən seçilərək məruzə üçün qəbul edilmişdir.
Konfransın açılışı Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpası yolunda şəhadətə yüksələn qəhrəman şəhdlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, dosent Yusif Alıyev rəsmi açılışdakı çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanda möhkəm təməl üzərində formalaşdırdığı elm və təhsil strategiyasının müasir vəziyyətinə geniş yer ayıraraq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafının təmin edildiyini diqqətə çatdırıb. “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” konfransın təşkili Azərbaycan Respublikasının təhsil və elm siyasətinin qarşıya qoyduğu vəzifələrdən irəli gələn mühüm çağırışdır.
Sonra Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abassqulu Ağa Bakıxanovun zəngin mənalı həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.
Açılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan generalı, beynəlxalq münasibətlər və hərbi təhsil üzrə ekspert Yücəl Karauz, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini dosent Şəhla Quliyeva, Türkiyənin Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri, professor Hacalı Nəcəfoğlu, Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dosent Elsevər Əsədov, Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, dosent Zaur İmrani, Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyevanın çıxışları dinlənilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri bədii hissədə şeir oxunuşu, rəqs kimi ifalarla konfrans iştirakçılarına yaddaqalan anlar yaşadıblar.
Konfrans rəsmi hissədən sonra öz işini 3 bölmə üzrə davam etdirib.
Birinci panel “Təhsil və innovasiyalar: Yeni nəsil universitetlərin inkişafında elmi-tədqiqatın və sinergetikanın rolu”, ikinci panel “Qloballaşma və multidissiplinar təhsil: Müəllim hazırlığında interaktiv və fənlərarası yanaşmalar”, üçüncü panel isə “Təhsildə sosial, ekoloji və mədəni aspektlər: Davamlı inkişaf və gələcək nəslin formalaşmasında ekoloji və pedaqoji yanaşmalar” mövzularında təşkil olunub.
İkinci panelə qardaş Türkiyədən professor Zakir Afşar, tədqiqatçı yazıçılar Mətin Yıldırım və Ziya Zakir Acar da qatılıblar.
Yazıçı-publisist, s.e.f.d. Sabir Şahtaxtı (Hacıyev) türkiyəli ziyalıları panel iştirakçılarına təqdim edərək hər üç ekspertin məmnuniyyətlə Azərbaycansevərliyini xatırladıb və Quba filialının direktoru Yusif Alıyevin tapşırığı ilə onların əsərlərinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kitabxanasının əsas fonduna daxil edilməsi nəzərdə tutulduğu qeyd edilib.
Panellər başa çatandan sonra Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illik yubileyinə həsr olunmuş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” Respublika Elmi Konfransı üzrə təşkilat komitəsi növbəti dəfə toplanaraq tədbirin yekununa dair dəyərləndirmə aparıb. Yekun rəyə görə, təşkilati işlər yüksək qiymətləndirilib, dəvətli tərkib tədbirdə tam şəkildə iştirak edib, çıxışlar mövzuları əhatələndirib. Beləliklə, konfrans işini müvəffəqiyyətlə başa çatdırıb, qarşıya qoyulan bütün hədəflərə nail olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən konfrans keçirilən salonun foyesində Bakıxanovun həyat və yaradıcılığına həsr olunan nadir əsərlərdən ibarət kitab sərgisi təşkil edib.
Konfrans iştirakçıları sərgilənən bir-birindən maraqlı əsərlərlə tanış olublar.