İnklüzivlik və inkişaf

26.12.2024
İnklüzivlik və inkişaf

Pedaqoji Universitetin Quba filialında Qazaxıstandan olan təhsil heyəti üçün “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimlərinə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) Qazaxıstanın “Altın Qasır” təhsil mərkəzi tərəfindən təşkil olunan heyət üçün “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimləri işə başlayıb.
ADPU-nun Quba filialının akt zalında keçirilən rəsmi hissənin açılışı Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə keçirilib.
Sonra hər iki ölkənin azadlığı yolunda şəhadətə yüksələn qəhrəmanların əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent, Qabaqcıl təhsil işçisi Yusif Alıyev açılış mərasimindəki çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf dinamikasına toxunub. Təlimin Qazaxıstan Respublikasının dövlət müstəqilliyi gününə təsadüf etdiyini xatırladan direktor bayram münasibəti ilə qonaqları təbrik edərək diqqətə çatdırıb ki, hazırda iki qardaş ölkə arasında siyasət və iqtisadiyyat başda olmaqla bütün sahələrdə dinamik inkişaf təmin olunub.
Qazaxıstanın “Altın qasır” təhsil mərkəzinin rəhbəri Jambul Aynakulov çıxışında “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimlərinin təminatına görə, Pedaqoji Universitetinin Quba filialının direktoru, Yusif Alıyevə minnətdarlığını ifadə edərək, Azərbaycandakı yüksək qonaqpərvərlikdə məmnun qaldıqlarını bildirib. Jambul Aynakulov əminliklə bildirib ki, təlimlər gözlənildiyindən də yüksək səviyyədə təşkil olunacaq və davamlı xarakter alacaq.
Sonra “Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətləri: tarixi və müasirliyi” mövzusunda çıxış edən strateji məsələlər üzrə mütəxəssis, s.e.f.d. Sabir Şahtaxtı (Hacıyev) əminliklə bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Respublikasının ilk prezidenti, Elbaşı Nursultan Nazarbayev tərəfindən möhkəm təməl üzərində qurulan qardaşlıq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən daha uğurla inkişaf etdirilərək tamamilə yeni bir məcraya yönəldilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan və Qazaxıstan əməkdaşlığı bölgədə yeni münasibətlərə təkan verib. İki qardaş ölkənin həyata keçirdikləri ortaq və müstəqil transxəzər enerji və loqistika layihələri bütün Avrasiya ölkələr üçün cəlbedici və faydalıdır. Hesablamalara görə, Qazaxıstan yaxın illərdə Xəzər vasitəsi ilə Azərbaycandan keçməklə, Zəngəzur vasitəsi ilə elektrik enerjisi ixracatını Anadoluya, oradan da İstanbul boğacını adlamaqla Avropaya ötürə biləcəkdir.
Qazaxıstan Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını – Bakı: COP29 konfransını yaxından dəstəkləmişdir.
Azərbaycan və Qazaxıstanın yaşıl enerji siyasəti elm və təhsil sahəsi qarşısında da təxirəsalınmaz vəzifələr qoyub.
Pedaqoji Universitein Quba filialı böyük məmnuniyyətlə riyaziyyat və fizika üzrə müəllim hazırlığı potensialını qardaş Qazıxıstana təqdim etməkdən şərəf duyur.
Diqqətə çatdırılıb ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqq işini dəstəkləyən Qazaxıstan böyük Zəfərdən sonra Azərbaycana doğma münasibətini yeni bir formada davam etdirir. Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi buna bariz nümunədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin hədiyyəsini qardaşlıq münasibətlərinə hədiyyə kimi dəyərləndirib.
Filialın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Dünya Əhədova çıxışında keçirilən tədbirin proqramı, təlimlərin mövzuları və onların əhəmiyyəti barədə müfəssəl məlumat verib.
Dekabrın 17-də “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimlərinə aid mövzuların bir qismi iki hissədən ibarət təqdim olunub.
Dekabrın 18-i təlimlər ADPU-nun Quba filialında davam edəcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?