“Yaşıl dünya naminə Azərbaycan modelində vəzifələr” mövzusunda elmi-praktik diskussiya keçirilib

11.12.2024
“Yaşıl dünya naminə Azərbaycan modelində vəzifələr” mövzusunda elmi-praktik diskussiya keçirilib

Pedaqoji Universitetinin Quba filialında “Yaşıl dünya naminə Azərbaycan modelində vəzifələr” mövzusunda elmi-praktik diskussiya keçirilib

Pedaqoji Universitetin Quba filialında fəaliyyət göstərən Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültur Mərkəzində “Yaşıl dünya naminə Azərbaycan modelində vəzifələr” mövzusunda elmi-praktik diskussiya təşkil olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Şahdağ Milli Parkı arasındakı tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbir ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın azadlıq arzuları naminə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent, Qabaqcıl təhsil işçisi Yusif Alıyev açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yaşıl enerji siyasətinin ayrı-ayrı istiqamətlərindən danışıb.
Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (Bakı: COP29 konfransı) qarşıya qoyduğu təxirəsalınmaz qlobal vəzifələrdən bəhs edən dosent Yusif Alıyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təhsil müəssisəsi yaşıl dünya naminə Azərbaycan modelinin elmi cəhətdən araşdırılması və nəticələrin təhsildə tətbiqi sahəsində böyük imkanlara malikdir. Direktor çıxışında deyib: “Şahdağ Milli Parkının kollektivini qurumun yaranmasının 18-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Azərbaycanın ekoloji siyasəti sahəsində Pedaqoji Universitetinin Quba filialı ilə Şahdağ Milli Parkı arasında ortaq əməkdaşlıq bizim üçün prioritet və əhəmiyyətlidir.”
Azərbaycanın yaşılaşdırma siyasətində Heydər Əliyev Fondunun çağırışlarının qlobal əhəmiyyət daşıdığını diqqətə çatdıran dosent Yusif Alıyev bildirib ki, bu sahədə fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən ekolayihələr geniş ictimaiyyət tərəfindən böyük dəstək qazanıb.
Bakı: COP29 konfransının qarşıya qoyduğu vəzifələr və bu istiqamətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən strateji məsələlər üzrə mütəxəssis, s.e.f.d. Sabir Şahtaxtı (Hacıyev) əminliklə bildirib ki, mövcud potensialdan düzgün istifadə edilməsi faydalı nəticələr verəcəkdir. O, diqqətə çatdırıb ki, rəsmi məlumatlara görə, 2023-cü il ərzində Azərbaycanda 3 milyondan artıq ağac əkilib. Cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib. Artıq başa vurduğumuz mövsümlərdə 2 milyondan çox ağac əkilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, dövlətimiz 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış gücləri 30 faizə qədər artırmaq, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. “Yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar və azad edilmiş ərazilərdə minlərlə hektar sahəni meşələrin bərpası vasitəsilə 2050-ci ilə qədər “neytral karbon” zonasına çevirmək əzmindədir.
Müzəffər Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasəti barədə fikirləri təqdim olunub: “Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir.”
Sonra Şahdağ Milli Parkının direktor müavini Rəvayət Nəzərov və mütəxəssis İlham Hacıyevin çıxışları dinlənilib. Pedaqoji Universitetin Quba filialını ilə münasibətlərin inkişafında maraqlı olduqlarını ifadə edən çıxışçılar əminliklə bildiriblər ki, tərəflər əməkdaşlıq üçün imkanları nəzərdə keçirməyə ciddi səy göstərəcəklər.
Şahdağ Milli Parkının diskussiyada iştirak edən nümayəndələrinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təltifləri təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?