Bir kərə yüksələn bayraq bir daha enməz!

02.12.2024
Bir kərə yüksələn bayraq bir daha enməz!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz!” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncam əsasında təşkil olunan tədbir ADPU-nun Quba filialının professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sona bir dəqiqəlik sükut elan olub.
ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev tədbirin açılışındakı çıxışında Məhəmməd Əmin Rəsulzadənin mənalı həyat və fəaliyyətindən, bədii-publisist yaradıcılığından bəhs edərək böyük şəxsiyyətin sarsılmaz iradəsinin Azərbaycana bağlılığından bəhs edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi şərəfli və ağır yol, süqutunun səbəbləri, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası kimi mühüm tarixi məqamlara toxunan dosent Yusif Alıyev qeyd edib ki, Cümhuriyyətin hüquqi-siyasi varisi olan Azərbaycan Respublikası hazırda bütün inkişaf istiqamətləri ilə beynəlxalq aləmdəki layiqli yerini əzmlə qoruyur.
Çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfərə geniş yer ayıran direktor Yusif Alıyev diqqətə çatdırıb ki, bu tarixi qələbə yalnız hərb meydanında deyil, eyni zamanda diplomatik masada, beynəlxalq münasibətlər sferasında, beynəlxalq media güzgüsündə qazanılıb. Məhz Məhəmməd Əmin Rəsulzadənin də arzuladığı suveren və bütöv Azərbaycanı özündə ehtiva edən bu tarixi Zəfərin əbədiyyətə qədər qorunmasında Azərbaycan gəncliyinin, filialın tələbə və müəllim heyətinin də üzərində tarixi məsuliyyət düşür. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün bütün göstəriciləri ilə Azərbaycanı lider dövlətlər sırasına yüksəldib. Azərbaycanı gələcəkdə də bu parlaq zirvədə qorumaq yüksək intellektli gənclərimizin şərəf missiyası olacaqdır.
Daha sonra “Son iclas” sənədli filmindən bir parça nümayiş olunub.
Rəsmi açılışdan sonra filialın tələbəsi Zahidə İmanquliyeva çəkdiyi Məhəmməd Əmin Rəsulzadənin rəsminin təqdim edib.
Dosent, filologiya üzrə fəlsəfə doktoru Gülşən Ağabəyin “Rəsulzadə bədii irsi”, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyevanın isə “Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti” mövzularında çıxışları dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı şərəf tarixinin mühüm məqamlarına toxunan alimlər əminliklə bildiriblər ki, Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti, bədii-publisist yaradıcılığı bundan sonra da gənc nəslin maraq dairəsində olacaqdır.
Heydər Əliyev Lektoriyasının müdiri, aparıcı Nəhayət Şirinova məlumat verib ki, dekabr ayında “Son iclas” sənədli filminin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının klubunda nümayiş etdirilməsi planlaşdırılır. Nümayişin vaxtı elan olunacaqdır. Arzu edənlər filmin seyrinə qatıla bilərlər.
Məlumat verilib ki, M.Ə.Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan “Azərbaycan müstəqillik üçün mübarizə yolunda”, “Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Əsrimizin Siyavuşu”, “İran yazıları”, “Son nəfəsədək Azərbaycan”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər”, “Rəsulzadə xatirələri” kimi 30-a yaxın kitab müasir dövrdə oxucuların ixtiyarındadır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?