20 Yanvar faciəsinin ildönümü münasibətilə Quba şəhərində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, Quba Soyqırımı Memorial Kompleksinin və ADPU – nun Quba filialının birgə təşkilatçılığı ilə “20 Yanvar – qəhrəmanlıq salnaməsidir” adlı anım tədbiri – ustad dərsi təşkil olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru, Quba filialının Humanitar fənlər kafedrasının baş müəllimi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin tarixi mahiyyətindən bəhs edib. O bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsinin zor gücü ilə boğulmasına yönəlsə də, əksinə, milli mübarizənin daha da güclənməsinə səbəb olub və bu faciə xalqımızın yaddaşında müstəqillik uğrunda şəhidlik zirvəsi kimi əbədi yer tutub.
Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətindən, bu hadisənin xalqımızın azadlıq mübarizəsində oynadığı mühüm roldan danışıb. O vurğulayıb ki, Memorial Kompleksin əsas missiyası milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı sədrinin müavini Elxan Məhərrəmov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli mübarizə tarixində tutduğu mühüm yerdən bəhs edib, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin qanı ilə yazılan bu tarix Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edir və bu gün əldə olunan uğurlar məhz həmin fədakarlıqların nəticəsidir.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Humanitar elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, 20 Yanvar faciəsinin iştirakçısı Sabir Hacıyev çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri sovet imperiyasının Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədi daşıyan qanlı siyasətinin tərkib hissəsi olub. O, çıxışı zamanı 20 Yanvar faciəsi ilə bağlı arxiv materialları və faktlara əsaslanan vizual təqdimat nümayiş etdirərək hadisələrin gedişini və tarixi nəticələrini əyani şəkildə diqqətə çatdırıb.
S.ü.f.d Sabir Hacıyev vurğulayıb ki, bu faciə mahiyyət etibarilə təkcə bir repressiya aktı deyil, eyni zamanda xalqımızın milli şüurunun oyanmasına, azadlıq ideyalarının daha da möhkəmlənməsinə təkan verən tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzminin rəmzi kimi tarixə həkk olunub və bu hadisə bu gün də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Natiq həmçinin 20 Yanvar faciəsinin siyasi və hüquqi aspektləri, eləcə də beynəlxalq müstəvidə qiymətləndirilməsi barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.



