2 aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə ADPU Quba filialı nümayəndə heyəti Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzində təşkil olunmuş maarifləndirici tədbirdə iştirak etmişdir.
Tədbirdə filialın direktoru, professor Yusif Alıyev, müəllim kollektivi və tələbələr fəal iştirak etmişlər.
Tədbirin əsas məqsədi autizm spektr pozuntuları haqqında elmi əsaslı məlumatların paylaşılması, erkən diaqnostika və müdaxilənin əhəmiyyətinin vurğulanması olmuşdur. Maarifləndirici çıxış zamanı müasir psixoloji və loqopedik yanaşmalar, praktik metodlar və əldə olunan nəticələr barədə geniş məlumat təqdim edilmişdir.
Çıxış edən professor Yusif Alıyev bu kimi tədbirlərin cəmiyyət üçün əhəmiyyətini yüksək qiymətləndirərək, maarifləndirmə işlərinin davamlı şəkildə aparılmasının vacibliyini qeyd etmişdir.
Daha sonra mərkəzin rəhbəri Fidan Bağırova çıxış edərək qonaqlara təşəkkürünü bildirmiş, mərkəzdə tətbiq olunan müasir metodlar və aparılan kompleks psixoloji-loqopedik işlər barədə məlumat vermiş, iştirakçıları praktiki dərs prosesi ilə yaxından tanış etmişdir.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və autizm sahəsində maarifləndirmənin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilmişdir.


