“LevelUP” karyera forumu

29.11.2024
“LevelUP” karyera forumu

Qubada keçirilən “LevelUP” karyera forumunda Pedaqoji Universitetinin yerli filialının kadr hazırlamaq potensialı yüksək dəyərləndirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Qubada – “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında 2 mərhələdən ibarət “LevelUP” karyera forumu və sərgisi təşkil olunub.
27 noyabr 2024-cü il tarixində baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev açılışdakı çıxışında forumun məqsəd və hədəflərini yüksək dəyərləndirərək ADPU-nun Quba filialındakı real kadr hazırlığının müasir standartlara cavab veridiyini diqqətə çəkərək əminliklə bildirib ki, filialın yetirmələr uca səsi yaxın gələcəkdə ən möhtəbər yerlərdən eşidiləcək.
Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev forumun hədəfləri barədə fikir və düşüncələrini bölüşüb.
“Şəxsi inkişaf və karyera planlaması” mövzusunda baş tutan müzakirənin spikerləri Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, beynəlxalq biznes sertifikatlı təlimçi və kouç Toğrul Ələkbərov, “Panda School” uşaq inkişaf mərkəzləri, “Ellin” MMC-nin təsisçisi Elvin Dadaşsoy, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisad kollecinin direktoru, təhsil və karyera məsləhətçisi Şəhriyar Laçınov və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının xidmət inkişafı və innovasiyalar şöbəsinin müdiri, təlimçi Pərviz Əfəndizadə iştirak edib.
Panel müzakirədə “Qubadan dünyaya marafon”, “Öz biznesinə başla”, “İntizam – özünə etdiyin ən böyük yaxşılıq”, “Karyerada davamlılıq” mövzuları ətrafında fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşı, forumun aparıcısı Amalya Dadaşova gənclərin forumdakı fəallığının ADPU-nun yerli filialının yüksək kadr hazırlamaq potensialı ilə birbaşa əlaqəli olduğunu ifadə edib. Bildirilib ki, forumun keçirilməsində əsas məqsəd karyera planlaması üzrə peşəkarları bir araya toplayaraq, gənclərin bilik və bacarıqlarını artırmaq, bu sahədə region gəncləri üçün əlçatan mexanizm formalaşmasına töhfə vermək və onların şəbəkələşməsini təmin etməkdir.
Yekunda təlimçilərə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Fəxri fərmanları təqdim olunub.
Layihənin 29 noyabr tarixində keçiriləcək II mərhələsində gənclər üçün regionda fəaliyyət göstərən dövlət qurumları, təşkilat və şirkətlərin mövcud vakansiya, təcrübə və könüllü proqramlarından ibarət sərgi təşkil olunacaq.
Qeyd edək ki, “LevelUP” karyera forumu Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclər üçün də təşkil edilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?